Səudiyyə Ərəbistanı və Sinqapur 2027-ci ilin ikinci yarısından etibarən Səudiyyə neftinin Sinqapurdakı yeraltı anbarlarda saxlanılması barədə razılaşma imzalayıblar. Məqsəd Yaxın Şərqdə mümkün təchizat fasilələri zamanı Cənub-Şərqi Asiyaya neft tədarükünün təhlükəsizliyini təmin etməkdir.
Bu barədə Sinqapurun Energetika, Ticarət və Sənaye Nazirliyinin saytında dərc olunan məlumatda bildirilir.
“Sinqapurun Energetika, Ticarət və Sənaye Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi bu gün Sinqapurda neft anbarı yaradılması ilə bağlı birgə niyyətlərini açıqlayıblar. (...) Təklif olunan plana əsasən, Səudiyyə nefti eyniadlı adada yerləşən “Jurong” yeraltı anbarlarında saxlanılacaq. Neftin saxlanılmasına 2027-ci ilin ikinci yarısında başlanacağı gözlənilir”, deyə məlumatda qeyd olunur.
Nazirliyin bəyanatında həmçinin qeyd olunur ki, neft ehtiyatlarının saxlanılması tədarükdə fasilələr yarandığı təqdirdə Sinqapurun enerji tələbatını təmin etməyə və ölkənin enerji təhlükəsizliyini gücləndirməyə imkan verəcək. Bundan əlavə, bu təşəbbüs Səudiyyə neftinin bütün Cənub-Şərqi Asiya üzrə təchizat zəncirinin etibarlılığını artıracaq.