Yaponiya hökuməti ölkənin iri şirkətlərinə qarşı kiberhücumların artması və milyonlarla insanın şəxsi məlumatlarının sızması ilə əlaqədar xüsusi iclas keçirəcək.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara açıqlama verib.
Onun sözlərinə görə, son vaxtlar ölkədə fəaliyyət göstərən şirkətlərə kiberhücumlar nəticəsində genişmiqyaslı məlumat sızmaları qeydə alınıb.
“Yaponiyada müəssisələrə qarşı son kiberhücumlar şəxsi məlumatların kütləvi şəkildə sızmasına və həmin məlumatlardan qanunsuz istifadə nəticəsində əlavə zərərlərə səbəb olub. Bu, vətəndaşların təhlükəsizliyini təhdid edir. Buna görə də təcili tədbirlərin görülməsi zəruridir”, -– Kihara bildirib.
İclasda Baş nazir Sanae Takaiçi, maliyyə naziri Satsuki Katayama, müdafiə naziri Şinciro Koizumi və digər hökumət rəsmiləri iştirak edəcəklər.
Məlumata görə, 2026-cı ilin ilk doqquz ayında Yaponiyada şirkətlərə, müəssisələrə və dövlət qurumlarına qarşı 600-dən çox kiberhücum qeydə alınıb. Bu göstərici ötən ilin ümumi statistikasını üstələyir.
Oktyabrın 22-də “Capcom” oyun şirkəti 11,7 milyonadək istifadəçinin məlumatlarının sızdığını açıqlayıb. Bir gün sonra isə Yaponiyanın iri logistika şirkətlərindən olan “Sagawa Express” 53,2 milyonadək şəxsi məlumat qeydinin kiberhücum nəticəsində ələ keçirilmiş ola biləcəyini bildirib.
Bundan başqa, oktyabr ayında “Sky Ticket” aviabilet platformasının təxminən 14 milyon, “Burger King”in isə 11,18 milyon istifadəçisinin məlumatlarının sızdığı bildirilir.
Yaponiya hökuməti kiberhücumlara qarşı mübarizəni gücləndirmək və vətəndaşların şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər hazırlayır.