Bataqlıqda ilişib qalan üç delfinin həyatına son QOYULDU

ABŞ-nin Nyu-Cersi ştatında bataqlıq ərazidə ilişib qalan üç delfinin həyatına baytarların qərarı ilə son qoyulub.

Bu barədə “News 12” məlumat yayıb.

Delfinlər quş müşahidəçisi tərəfindən təsadüfən aşkarlanıb. Onlar dayaz çayın yaxınlığında bataqlıq otlarının arasında ilişib qalıblar. Hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər, Milli Park Xidmətinin əməkdaşları və sertifikatlı könüllülər gəliblər. Hidrokostyum geyinən mütəxəssislər bataqlıqdan keçərək delfinlərə yaxınlaşıblar.

Delfinlərin hər biri xərəyə yerləşdirilərək çimərliyə aparılıb. Orada müayinə edilən heyvanlar daha sonra ATV-lərlə baytar həkimin yanına çatdırılıblar.

Məlum olub ki, delfinlərdən biri erkək, ikisi isə dişi olub. Hər üç heyvanın vəziyyəti zəif, özləri isə arıq olublar.

Baytarlar bildiriblər ki, quruda qalmaq delfinlərin bədəninə güclü təzyiq göstərir və bu, daxili orqanlarının zədələnməsinə səbəb ola bilər. Müayinədən sonra mütəxəssislər heyvanların əzabını azaltmaq üçün həyatlarına son qoymağın daha humanist qərar olduğu qənaətinə gəliblər.

Hazırda mütəxəssislər delfinlərin bataqlığa necə və hansı səbəbdən düşdüyünü araşdırırlar.