Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib.

Moderator.az bildirir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərinin III müşavirəsinin yekunlarına əsasən xəbər yayıb.

"Partiyanın Mərkəzi Komitəsi yeni planlaşdırma dövründə nail olunması tələb edilən ən mühüm və real hədəflərdən biri kimi dünyada ən qüdrətli hərbi qüvvələrin yaradılması vəzifəsini müəyyənləşdirib", - deyə agentlik Kim Çen Inın sözlərini sitat gətirir.

O əlavə edib ki, məhz bu səbəbdən Koreya Fəhlə Partiyasının IX qurultayından sonra ilk ümumordu tədbiri olaraq bölük komandirlərinin yığıncağı keçirilib. KXDR rəhbəri diqqətə çatdırıb ki, bölüklər Koreya Xalq Ordusunun möhkəmləndirilməsində əsas həlqə rolunu oynayır və onların döyüş hazırlığının artırılması qısa müddət ərzində dövlətin silahlı qüvvələrini keyfiyyətcə yeniləməyə imkan verəcək.

O, bütün bölüklərin müxtəlif hərbi tapşırıqları müstəqil şəkildə icra edə bilən elit döyüş qruplarına çevrilməsi vəzifəsini irəli sürüb.

"Ən güclü bölmələri hazırlamaqla ən qüdrətli ordunu qurun və özünəməxsus hərbi inqilabı sürətləndirin" - Kim Çen In iclasın əsas prinsipini məhz belə ifadə etdi. O cümlədən, döyüş təlimlərinin təkmilləşdirilməsinin, hərbi intizamın gücləndirilməsinin və komandirlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyi vurğulanıb.

Tədbirdə KXO-nun bölük komandirləri, Şimali Koreyanın müdafiə naziri Kim Son Qi, KXO Baş Qərargah rəisi Li Yon Qil və hərbi komandanlığın digər rəsmi şəxsləri iştirak ediblər. Müşavirənin sonunda xidmətdə fərqlənən hərbçilərin mükafatlandırılması mərasimi keçirilib.