Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının yaydığı məlumatda bildirilib.
Prezident İlham Əliyev bu səfərin ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Görüşdə iki ölkə arasındakı əlaqələr nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb. Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar maraqlardan çıxış etdikləri qeyd olunub. Bu xüsusda siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
İkitərəfli əlaqələri gücləndirmək üçün siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulandı.