"Xalqı dinləmədən onun üçün ən doğru qərarları vermək mümkün deyil" - Razi Nurullayev

"Mən aqrar siyasət komitəsi sədrinin müavini kimi parlamentə dəvət olunub və fermerlərlə görüş imkanı qazandım. Bu proses yalnız insanları dinləməkdən ibarət deyil".

Deputat Razi Nurullayev bunu Milli Məclisin bugünkü plenar iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı dedi.

Millət vəkili vurğuladı ki, yaxşı qanunun bir ucu parlamentdə, digər ucu xalqın içində olmalıdır:

"Daha əvvəl Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı fermerlər maraqlı çıxışlar edib, səmərəli təkliflər irəli sürüblər. Əsas məqsəd qanunları qəbul edənlərlə həmin qanunlar əsasında yaşayan insanlar arasında əlaqə yaratmaqdır. Fermerlərin problemlərini tarlada, sahibkarların qayğılarını isə onların iş yerlərində daha yaxşı anlamaq mümkündür. Çünki insanlar bu çətinlikləri hər gün yaşayır, problemlər haqqında danışmaq imkanı isə həmişə olmur. İctimai dinləmələrdə fermerlərin, sahibkarların və müxtəlif sosial təbəqələrin nümayəndələrinin fikirlərinə daha çox yer ayrılmasını istəyirəm. Xalqı dinləmədən onun üçün ən doğru qərarları vermək mümkün deyil və qanunların hazırlanması zamanı cəmiyyətin ehtiyacları nəzərə alınmalıdır".