Ağsuda kafedə pivə almamaq üstündə 16 yaşlı yeniyetməni bıçaqlayaraq öldürmək istəyən dostlar - Məhəmməd Talıbov və Rüfət İbrəhimovun cinayət işinin bəzi detalları məlum olub.
Unikal-a istinadla, hadisə fevralın 21-i 2025-ci ildə Ağsu şəhəri, Xətai küçəsi 8 nömrəli evin yaxınlığında baş verib.
İstintaqla müəyyən edilib ki, Məhəmməd Talıbov 2025-ci il fevralın 21-də saat 19 radələrində Ağsu şəhəri, Nizami küçəsində yerləşən "Ağsu Pub" adlı kafedə olarkən Murad Əliyevdən ona pivə almasını tələb edib. Murad isə imkanının olmadığını deyib. Məhəmməd də bunu bəhanə edərək onunla kafenin həyətində mübahisə edib, daha sonra yerə yıxıb yumruqla dəfələrlə vurub.
Murad da onun dodağına yumruq vuraraq ona qarşı “var-yox” söyüşü söyüb və “peysər” deyib. Ətrafdakıların köməkliyi onları ayırmaq mümkün olub.
Məhəmməd Muradı öldürmək qərarına gələrək Ağsu rayonu, Ülgüc kəndində yerləşən fərdi yaşayış evindən götürdüyü bıçağı şalvarının qabaq sağ cibində saxlayaraq özü ilə gəzdirib.
Məhəmməd bu hadisəni rayonda yerləşən “Lion Pub Lounge” adlı kafedə dostu Rüfət İbrəhimova danışıb və Muradı öldürmək istədiyini deyib.
İttiham aktında göstərilib ki, dostlar birlikdə həmin tarixdə saat 21 radələrində Ağsu şəhəri, Xətai küçəsi 8 nömrəli evin sağ tərəfində zərərçəkmiş Murad Əliyevin qarşısını kəsərək sözlü mübahisə ediblər. Bu məqamda dostlar Murad Əliyevə hərəyə 3 zərbə olmaqla ümumilikdə 6 bıçaq zərbəsi vuraraq ölümcül yaralayır.
Qonşuluqda olan sakinlərin köməkliyi ilə Murad Əliyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Hə iki şəxs Ağsu Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Məhəmməd Talıbov və Rüfət İbrəhimov a qarşı Cinayət Məcəlləsinin 29,120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, cinayət işi üzrə məhkəmə istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq Məmmədovun sədrliyi ilə araşdırılır.