Musiqi aludəçiliyi ölümünə səbəb oldu - ANBAAN VİDEO

Oktyabrın 22-i, saat 18:00 radələrində Neftçala rayonu Həsənabad qəsəbəsi ərazisində çiynində daşıdığı portativ səsucaldıcıda musiqi dinləyərək velosiped idarə edən qəsəbə sakini yol kəsişməsində F.Həsənovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusu ilə toqquşub.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, qəza nəticədə 13 yaşlı velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

"Statistik nəticələr bu gün istər yaşayış məntəqələrində, istərsə də yaşayış məntəqələrindən kənarda, avtomagistrallarda velosiped, skuter və digər ikitəkərli nəqliyyat vasitələri idarə edən azyaşlılar tərəfindən kobud qayda pozuntularına yol verilməsi hallarına tez-tez rast gəlindiyini göstərir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını bu faciəli hadisədən düzgün nəticə çıxarmağa, xüsusilə azyaşlıları velosiped və ya digər ikitəkərli nəqliyyat vasitəsi idarə edərkən təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır, bu işdə valideyn nəzarətinin mühüm rol oynadığını məxsusi qeyd edir", - qurumdan qeyd olunub.