Ərdoğan Əliyevə ZƏNG ETDİ: Deputatlar məsələni siyasi TƏHLİL EDİR

Bəzən bir telefon zəngi günlərlə davam edən siyasi müzakirələrdən daha aydın mesaj verir. Xüsusilə söhbət münasibətləri ortaq tarixə, qardaşlığa və strateji müttəfiqliyə söykənən Azərbaycan və Türkiyədən gedirsə... Oktyabrın 21-də Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı da məhz belə bir siyasi mesaj kimi diqqət çəkdi. Son həftələrdə iki ölkə arasında münasibətlərə kölgə salan qarşılıqlı ittihamlar, sərt açıqlamalar və ictimai müstəvidə artan gərginlik fonunda Bakı ilə Ankara arasında ən yüksək səviyyədə təmasın baş tutması xüsusi əhəmiyyət daşıyırdı.

Rəsmi Bakının atdığı addımlar hansı mesajı verir və Ərdoğanla Əliyev arasındakı telefon danışığı yaranmış vəziyyətin aradan qaldırılmasında dönüş nöqtəsi ola bilərmi? Deputatların və politoloqların şərhləri göstərir ki, söhbət təkcə ayrı-ayrı şəxslərin açıqlamalarından deyil, həm də strateji müttəfiqliyin qorunmasından, dövlət maraqlarına münasibətdən və iki xalq arasında əsrlər boyu formalaşmış qardaşlıq bağlarının siyasi manipulyasiyaların hədəfinə çevrilməsinə imkan verilməməsindən gedir. Görünən odur ki, bu dəfə müzakirələrin mərkəzində təkcə səslənən sözlər deyil, həmin sözlərin arxasında dayanan niyyətlər və dövlətlərin onlara verdiyi siyasi-hüquqi qiymət dayanır.

Milli Məclisin deputatı Rövşən Muradovun Oxu24.com-a verdiyi açıqlamaya görə, oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı iki qardaş dövlətin münasibətlərini müəyyənləşdirən qarşılıqlı etimadın və möhkəm siyasi iradənin ifadəsi oldu.

Dövlət başçılarının ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələləri müzakirə etməsi Bakı ilə Ankara arasında siyasi məsləhətləşmələrin əhatəli və davamlı xarakter daşıdığını göstərdi. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini yenidən çatdırması, Prezident İlham Əliyevin isə bu səmimi münasibətə görə təşəkkürünü bildirməsi liderlər arasındakı qarşılıqlı hörmətin və xalqlarımızı birləşdirən mənəvi bağlılığın aydın təzahürüdür.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət olunması Azərbaycanın Türk dünyasında tutduğu mühüm mövqeyi və ölkələrimizin ortaq gələcəyə dair baxışlarının uzlaşdığını göstərir.

Qarşıdakı Zirvə Görüşü siyasi əlaqələrin dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və Türk dünyasının beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Telefon danışığı həm də Azərbaycan–Türkiyə münasibətlərinin dövlət başçılarının ardıcıl siyasəti ilə yeni imkanlar qazandığını, müttəfiqliyin regional sabitliyə və ümumi tərəqqiyə xidmət etdiyini təsdiqlədi.

Millət vəkili bildirib ki, Azərbaycanla Türkiyənin qardaşlığı ortaq tarixi yaddaşa, xalqlarımızın sarsılmaz iradəsinə və dövlətlərimizin strateji maraqlarına söykənir.

Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi bu birliyi qoruyur, müttəfiqliyimizi möhkəmləndirir və xalqlarımızın ortaq gələcəyinə xidmət edən əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir.

Milli Məclisin deputatı Azər Allahverənov Oxu24.com-a bildirib ki, Dövlətlər arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək addımların atılması və bununla bağlı əminliyin ifadə olunması telefon zəngi zamanı xüsusilə vurğulanıb: “Bu zəng iki qardaş xalq arasında nifaq yaratmaq istəyən siyasi mərkəzlərə bir növ tutarlı cavab oldu”. O qeyd edib ki, iki ölkənin liderləri münasibətlərinin hansı səviyyədə olduğunu bir daha göstərməklə, bu əlaqələrin daha da dərinləşməsi və möhkəmlənməsi istiqamətində siyasi fəaliyyətin davam etdiriləcəyini vurğulayıblar. A.Allahverənovun fikrincə, bu, iki qardaş xalq arasında nifaq yaratmaq istəyən dairələrin öz məqsədinə çatmadığını göstərir.

Deputat yaxınlarda Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə toplantısı ilə bağlı da vacib məqamın dilə gətirildiyini deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidentinin məsələlərə münasibəti daha uzaq perspektivə hesablanmış tərzdə ifadə olunub.