"Vətəndaşların nömrəsi bağlandıqdan sonra satışa çıxır, satılıb başqasına verilir. Artıq elə bir dövrdür ki, nömrə yalnız zəng gedib-gəlmək üçün deyil. Nömrəni bir çox proqramlara bağlayırıq. Bu məsələ qanunvericilik baxımından tənzimlənməlidir".
Bu barədə Milli Məclisin iclasında deputat Razi Nurullayev bildirdi. O vurğuladı ki, əgər abunəçi istifadə etdiyi telefon nömrəsini elektron poçt və ya sosial şəbəkə hesablarında dəyişməzsə, həmin nömrə yeni abunəçiyə verildikdən sonra əvvəlki istifadəçiyə aid məlumatlara və hesablara çıxışla bağlı problemlər yarana bilər:
"Buna görə də bu məsələ yalnız məxfilik deyil, həm də qanunvericiliyin tələblərinin qorunması, hesabların təhlükəsizliyi və potensial risklərin qarşısının alınması baxımından vacibdir. Abunəçilərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı müəyyən tədbirlər nəzərdə tutulub. Ancaq rəqəmsal həyatımız dəyişir və qaydaları mövcud reallığa uyğunlaşdırmalıyıq. Hesab edirik ki, istifadəsiz qalan telefon nömrələrinin yenidən dövriyyəyə buraxılması zamanı təhlükəsizlik standartlarının tətbiqi mühüm əhəmiyyət daşıyır.
Nömrə yeni abunəçiyə verilməzdən əvvəl müəyyən karantin müddəti tətbiq edilməli, yüksək riskli xidmətlərlə əlaqələndirilmiş nömrələr üzrə məhdudlaşdırıcı mexanizmlər hazırlanmalıdır. Eyni zamanda, operatorların, bankların, elektron xidmətlərin və sosial platformaların nömrə dəyişdirildikdə təhlükəsizliyin qorunması ilə bağlı xəbərdarlıq mexanizmləri gücləndirilməlidir. İstifadəçilər də rəqəmsal hesablarının təhlükəsizliyinə diqqət yetirməlidirlər. Telefon nömrəsini dəyişdikdə bank, sosial şəbəkə və digər rəqəmsal hesablardakı əlaqə vasitələrini yeniləmək vacibdir. Biz rəqəmsal həyatımızı sürətlə inkişaf etdiririk və rəqəmsal təhlükəsizlik tədbirlərini də eyni sürətlə təkmilləşdirməliyik.
Telefon nömrəsi artıq sadəcə əlaqə vasitəsi deyil, bir çox hallarda insanın rəqəmsal kimliyinin ayrılmaz hissəsidir. Buna görə də nömrələrin yenidən dövriyyəyə buraxılması məsələsi yalnız kommersiya və tənzimləmə məsələsi kimi deyil, həm də informasiya təhlükəsizliyi baxımından qiymətləndirilməlidir".