"Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini dərk etmir"

"Ermənistanın Baş naziri Nikol Paşinyan bir açıqlamasında Azərbaycanla sülh prosesinin 2031-ci ilə qədər uzana biləcəyini vurğuladı. Daha sonra çıxdı dedi ki, 2027-2028-ci illərdə sülh imzalanması gözlənilir. Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini dərk etmir. Sülh hüquqi məsələdir, hansısa siyasi qərardan ibarət deyil. Görünür, İrəvan müharibə və sülh məsələsini öz daxili siyasi təqviminin girovuna çevirməklə vaxt udmaq istəyir".

Bu barədə Milli Məclisin plenar iclasında deputat Kamal Cəfərov bildirdi.

"Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, indiki Ermənistan rəhbərliyindən sülh gözləyənlər anlamalıdırlar ki, əslində sülh istəyən tərəf öz mövqeyini açıq şəkildə ortaya qoymalı, tərəflər arasında danışıqlar aparılmalıdır. Sülh məsələsini ölkənin siyasi gündəmində ən sonuncu pilləyə endirmək onu hakimiyyətdə qalmaq üçün siyasi alətə çevirmək deməkdir. Burada görünən mənzərə odur ki, İrəvanda lazımi siyasi iradə yoxdur. Ermənistan rəhbərliyi məsuliyyətdən yayınmaqla və vaxt qazanmaqla həm daxili auditoriyanı aldatmağa çalışır, həm də xarici havadarlarının köməyi ilə manevr imkanlarını qorumaq istəyir. Biz isə hər zaman qəti şəkildə qeyd etmişik ki, Ermənistan rəhbərliyi xalqına sülhün hər şeydən daha vacib olduğunu anlatmalıdır. Heç kim digər tərəfi sülh istədiyini nümayiş etdirməyə məcbur etməməlidir", - deyə o vurğuladı.