“AllAllFinance” Açıq Səhmdar Cəmiyyəti 2024-cü ili 30 518 manat zərər ilə başa vursa da, 2025-ci ildə mənfəətə keçərək 5 milyon 593 min manat xalis mənfəət əldə edib. Şirkət il ərzində 1 milyon 483 min manat mənfəət vergisi xərci ödəyib.
Bu barədə şirkətin audit olunmuş maliyyə hesabatlarına istinadən xəbər verilir.
Cəmiyyətin ümumi gəlirləri 2024-cü ildəki 15 455 manatdan 2025-ci ildə 11 milyon 60 min manata çatıb. Gəlirlərin əsas hissəsini təşkil edən faiz gəlirləri 15 455 manatdan 10 milyon 994 min manata yüksəlib. 2025-ci ildə şirkətin 66 234 manat həcmində digər gəlirləri də formalaşıb.
Hesabat dövründə şirkətin ümumi və inzibati xərcləri 45 973 manatdan 3 milyon 691 min manata yüksəlib. Həmçinin 2025-ci ildə 142 877 manat gözlənilən kredit zərəri və 149 862 manat faiz xərcləri qeydə alınıb.
“AllAllFinance” ASC-nin aktivləri 2024-cü ildəki 320 890 manatdan 2025-ci ildə 13 milyon 7 min manata çataraq 40,5 dəfə artıb. Verilmiş borclar 110 min manatdan 3 milyon 361 min manata çatıb (30,5 dəfə artım). Şirkət 2025-ci ildə 6 milyon 809 min manatlıq alınmış problemli kredit portfelini aktivlərinə daxil edib.
Ötən il ASC-nin öhdəlikləri 351 308 manatdan 7 milyon 287 min manata yüksəlib (20,7 dəfə artım). Öhdəliklərin əsas hissəsini 3 milyon 167 min manatlıq borc vəsaitləri (15,8 dəfə artım) və 1 milyon 752 min manatlıq icarə öhdəlikləri təşkil edir.
Bildirək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə maliyyə və kollektor (borcların yığılması) sektorunda fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət istiqamətlərinə banklardan və digər maliyyə institutlarından tələb hüquqlarının satın alınması yolu ilə alınmış problemli kredit portfellərinin əldə edilməsi, həmin borclar üzrə yığım prosesinin həyata keçirilməsi, müştərilərə kreditlərin verilməsi və üçüncü tərəflərə debitor borcların yığılması üzrə xidmətlərin göstərilməsi daxildir. Şirkətin səhmdarları Mədəd Rüstəmov və Camal Aydınov (hər biri 40%), eləcə də Rəşad Səlimovdur (20%).