Çində zəlzələ: 16 nəfər ölüb, 65 nəfər yaralanıb

Çinin Tibet Muxtar Bölgəsində baş verən 7,0 maqnitudalı zəlzələ nəticəsində yaralananların sayı 65 nəfərə çatıb. Ölənlərin sayı isə dəyişməyərək 16 nəfər olaraq qalır.

Reuters bu barədə oktyabrın 23-də yerli hökumətin açıqlamasına istinadən məlumat yayıb. “Sinxua” agentliyinin məlumatına görə, 12 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb. Bölgədə 413 təkrar yeraltı təkan qeydə alınıb.

Zəlzələ oktyabrın 22-də yerli vaxtla saat 22:33-də Tibetin Naqçu ərazisində baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, ocaq 18 kilometr dərinlikdə yerləşib.

AP agentliyi yerli rəsmilərə istinadən azı 339 evin və 20 heyvandarlıq tikilisinin dağıldığını bildirib. Axtarış-xilasetmə işlərinə 1600-dən çox insan cəlb olunub.

Bəzi ərazilərdə rabitə kəsilib, bölgədən keçən qatarların hərəkəti dayandırılıb. Daş uçqunları səbəbindən 317 nömrəli milli avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Əraziyə çadırlar, müvəqqəti yaşayış evləri və isti geyimlər göndərilib.