"Günün mövzusu məktəblərdə şagird sıxlığıdır. Bununla bağlı 192 saylı məktəbi nümunə göstərmək istəyirəm. Həmin məktəbdə 855 şagird üçün yer nəzərdə tutulsa da, hazırda 2551 uşaq təhsil alır. Bu, məktəbin tutumundan təxminən üç dəfə çoxdur".
Bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa bildirdi.
O vurğuladı ki, müəllim dərs saatı ərzində hər şagirdə cəmi 30 saniyə ayıra bilir:
"Sinifdə şagirdlərin çox olması vaxt itkisinə də səbəb olur. Belə şəraitdə uşaqların sağlam, təhlükəsiz və keyfiyyətli təhsil almasını necə təmin etmək mümkündür? Məktəbin idman zalının sahəsi də məhduddur. Belə bir şəraitdə şagirdlərin hansı idman dərslərini lazımi səviyyədə keçməsi mümkündür? Mən özümdə bununla bağlı Baş nazirə məktub ünvanlamışam. Məktəblərin xüsusiyyətlərini bir təhsil müəssisəsinin nümunəsində göstərdik. Halbuki şagird sıxlığı problemi ilə üzləşən məktəblər çoxdur və bu məsələ mütləq həllini tapmalıdır".
Millət vəkili təklif etdi ki, ilk növbədə, şagird sıxlığının hansı məktəblərdə daha ciddi olduğunu müəyyənləşdirmək lazımdır:
"Məktəbin həyətində boş ərazi varsa, orada 10-15 sinif otağından ibarət əlavə korpusun tikilməsi şagird sıxlığını ən azı iki dəfə azaltmağa kömək edə bilər. Bu, həm də tədris şəraitinin yaxşılaşmasına və təhsilin keyfiyyətinin yüksəlməsinə imkan yaradar. Problemin nə qədər geniş yayıldığını müəyyənləşdirmək üçün ciddi araşdırma və sorğu aparılmalıdır. Məktəblərdə mövcud vəziyyət öyrənilməli, şagird sıxlığının aradan qaldırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün konkret imkanlar müəyyənləşdirilməlidir".