Yaxın üç ildə Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatının dinamikası neft sektorunun göstəricilərini əhəmiyyətli dərəcədə qabaqlayacaq.
Bu barədə "Report" Niderlandın ən böyük bank qrupu olan "ING Group"a istinadən xəbər verir.
ING ekspertlərinin qiymətləndirmələrinə görə, ölkənin qeyri-neft ÜDM-i 2026-cı ildə 2,5 % artacaq, 2027-ci ildə 4,5 %-ə qədər sürətlənəcək və 2028-ci ildə 4 % təşkil edəcək. Bundan başqa, neft ÜDM-i 2026-cı ildə 1,5 % azalma, 2027-ci ildə 0,5 % cüzi artım və 2028-ci ildə sıfır dinamika (0 %) nümayiş etdirəcək.
Azərbaycanın real ÜDM-nin ümumi artımı 2026-cı ildə 1,5 %, 2027-ci ildə 3 % və 2028-ci ildə 2,5 % səviyyəsində proqnozlaşdırılır. Bank qrupunun hesablamalarına əsasən, ölkə iqtisadiyyatına investisiyaların həcmi həm 2026, həm də 2027-ci ildə 4 % artacaq, 2028-ci ildə isə artım 3,5 % təşkil edəcək.
Sənaye istehsalı sahəsində 2026-cı ildə 0,5 % azalma gözlənilir, lakin 2027-ci ildə 2 %-ə qədər bərpa, 2028-ci ildə isə 1,5 % səviyyəsində artım proqnozlaşdırılır.
İşsizlik səviyyəsi nəzərdən keçirilən bütün dövr ərzində 5,2 % həddində dəyişməz qalacaq.