“WhatsApp”a iki yeni funksiya gəlir

Dünyanın en populyar mehsencer tətbiqi olan "WhatsApp" "Android" istifadəçiləri üçün səsli stikerlər funksiyasını təqdim etməyə hazırlaşır. Yeni imkanlar sayəsində istifadəçilər stikerlərinə 10 saniyəyədək səs yazısı əlavə edə biləcəklər.

"Digital Trends"ə istinadən, innovasiyalar "WhatsApp"ın "Android" üçün nəzərdə tutulmuş beta versiyasında sınaqdan keçirilib.

Yeniliyə əsasən, şəkillərdən yaradılan stikerlərə istifadəçilərin öz səs yazıları və ya cihazdakı audiofayllar daxil edilə biləcək. Videolardan hazırlanan animasiyalı stikerlərdə isə sistem avtomatik olaraq videonun orijinalından 5 saniyəlik səs seqmentini əlavə edəcək. İstəyə uyğun olaraq bu səs dəyişdirilə bilər.

Mesaj yazma ekranı da dəyişir

Tətbiqdə sınaqdan keçirilən digər vacib yenilik mesaj daxiletmə sahəsinin dizaynı ilə bağlıdır. İkisətirli yeni maketə əsasən, mətn yazılan sahə üst hissədə, fayl və digər funksiyaların piktoqramları (ikonları) isə alt sətirdə yerləşdiriləcək. Bu da istifadəçilərə mətn yazarkən daha geniş sahə qazandıracaq.

Həmçinin personal stikerlərin ətrafındakı ağ çərçivənin istəyə uyğun olaraq götürülməsi seçimi də hazırlanır.

Məlumata görə, hazırda sınaq mərhələsində olan bu funksiyaların bütün istifadəçilərin ixtiyarına nə vaxt veriləcəyi hələlik açıqlanmır.