Şimali Koreya Cənubi Koreyanı ölkənin daxili işlərinə müdaxiləni davam etdirəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib. Pxenyan sərhəd bölgəsində təhlükəsizlik tədbirlərini gücləndirəcəyini və təbliğat yayımlayan səsgücləndiriciləri yenidən quraşdırmağa hazırlaşdığını açıqlayıb.
Bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Con sərhəd boyunca hazırlıq səviyyəsinin artırılacağını bildirib.
Cənubi Koreyanın Birləşmə Nazirliyi isə Pxenyanı sərhəddə toqquşma riskini artıran addımları dayandırmağa çağırıb. Nazirlik iki ölkə arasında gərginliyin azaldılması üçün hərbi sərhəd xətti boyunca əlaqə sisteminin yaradılmasının vacibliyini vurğulayıb.
İki ölkə arasında gərginlik sentyabrın 21-də hərbsizləşdirilmiş zonada minanın partlaması nəticəsində üç Cənubi Koreya əsgərinin yaralanmasından sonra yenidən artıb. Seul hadisəyə görə Pxenyanı ittiham etsə də, Şimali Koreya məsuliyyəti qəbul etməyib.