“Avrasiya İqtisadi Birliyinə (AİB) üzv dövlətlərin hazırladıqları hesabatda məqsəd Ermənistanda sabitliyi pozmaqdır”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Əvvəlki dövrlərdə Ermənistana qarşı tətbiq edilən məhdudiyyətlər nə iqtisadi, nə də siyasi baxımdan gözlənilən nəticələri verib. Bu, son üç ildə Ermənistanda daxili siyasi sabitliyi pozmağa yönəlmiş üçüncü cəhd olacaq. Çünki gördüyüm budur ki, həm Ermənistanda, həm də ölkədən kənarda elə qüvvələr var ki, hazırkı vəziyyətdən yalnız Ermənistanda siyasi qeyri-sabitlik yaratmaq üçün deyil, başqa məqsədlərlə də istifadə etməyə çalışacaqlar”, - o bildirib.
Nikol Paşinyan vurğulayıb ki, bu məsələdə iqtisadi deyil, siyasi amil ön plandadır:
“Məqsəd Ermənistanda daxili siyasi qeyri-sabitlik yaratmaq və Ermənistan dövləti üzərində nəzarət qurmaq, faktiki və hüquqi baxımdan Ermənistanı müstəqillikdən məhrum etməkdir. Əminəm ki, Ermənistan dövləti kifayət qədər dayanıqlıdır və bu vəziyyətdən də çıxacaq”.
Xatırladaq ki, bundan əvvəl Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan hökumətlərinin birgə hesabatı dərc edilib. Sənəd “2014-cü il mayın 29-da imzalanmış Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin Ermənistan Respublikasına münasibətdə qüvvəsinin dayandırılmasının mümkün nəticələri haqqında” adlanır. Hesabatda Ermənistanın AİB-ə üzvlüyünün dayandırılmasının ölkə iqtisadiyyatına mümkün təsirləri əks olunub.