Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamaqda çətinlik çəkir. Sülh müqaviləsi ilə bağlı proses həqiqətən də əvvəl elan edildiyi kimi inkişaf etmir. Sülhün imzalanması üçün beşillik müddətdən danışılır. Bu isə uzun müddətdir.

Bunu rusiyalı politoloq Dmitri Solonnikov “Moskva-Baku”ya açıqlamasında deyib.

“Paşinyan xalqın Konstitusiyaya dəyişikliklərin edilməsinin əleyhinə səs verəcəyindən ehtiyat edir. Problem ondadır ki, Paşinyanın partiyası son seçkilərdə Konstitusiyaya dəyişiklik etmək üçün tələb olunan konstitusion çoxluğu əldə etməyib. Buna görə də Konstitusiyanı dəyişə bilmir. Paşinyan sülh müqaviləsinin beş il ərzində imzalanacağını deyir. Bu müddət ərzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində hər şey baş verə bilər. Bu isə sülh və tərəflər arasında etimad baxımından ciddi risklər yaradır. Paşinyanın bu açıqlaması İrəvanın xarici siyasət kursu ilə bağlı yaranmış qeyri-müəyyənlikdən qaynaqlanır. O, Ermənistanın hansı vəziyyətdə olacağının aydınlaşacağı vaxta qədər gözləmək, bundan sonra isə Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyir.

İrəvanın günahı üzündən sülh prosesində qeyri-müəyyənlik, şəffaflığın olmaması və sülh müqaviləsinin imzalanmasına süni maneələr yaranarsa, rəsmi Bakı prosesi ləngidəcək. Hətta ilk növbədə Ermənistanın maraqlarına cavab verən və xarici aktorlarla da bağlı olan iqtisadi prosesləri tamamilə dondura bilər. İrəvanın sülh müqaviləsinin imzalanmasını uzatması Ermənistanın özü və şəxsən Paşinyan üçün ciddi problemlərə səbəb ola bilər. Hər şey çökə bilər. Çətin ki, bu, Ermənistanın baş nazirinin maraqlarına uyğun olsun”, - o bildirib.

Qeyd edək ki, Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını “2031-ci ilə qədərki hədəfi” elan edib.