"12 Years a Slave" ("12 illik əsarət") filmi ilə "Oskar" mükafatı qazanan tanınmış rejissor və vizual sənətçi Stiv Makkuinin "66–76–26" adlı yeni səs sərgisi Bilbao Quqgenhaym Muzeyində təqdim olunub.
Sənətçinin 57-ci ad günündə açılan sərgi vizual görüntülərdən tamamilə imtina edərək, yalnız qaranlıq məkanda Devid Boui və Nina Simonenin səslərini bir araya gətirir.
Sərgidə Nina Simonenin 1966-cı ildə və Devid Bouinin 1976-cı ildə ifa etdiyi məşhur "Wild is the Wind" ("Külək vəhşidir") mahnısının akapella versiyaları yan-yana qoyularaq virtual duet yaradılıb.
Heç vaxt baş tutmayan bu "birləşmə" hər iki sənətçinin sevgiyə və saf ehtiraslara olan həsrətini əks etdirir.
Stiv Makkuin əsərin adı haqqında danışarkən bildirib ki, "66–76–26" rəqəmləri Simonenin və Bouinin mahnını lentə aldığı illərə (1966 və 1976), eləcə də sərgiləndiyi cari ilə (2026) işarə edir.
Hər iki ifanın ictimai-siyasi gərginlik dövrlərində yazıldığını vurğulayan sənətçi, təlatümlü zamanlarda insanların ehtiyac duyduğu ən vacib dəyərin sevgi olduğunu qeyd edib.
Qeyd edək ki, sərgi çərçivəsində eyni zamanda Stiv Makkuinin kinematoqrafiya fəaliyyətinə həsr olunmuş xüsusi film proqramı da nümayiş etdiriləcək.