Azərbaycanda "mygov" platformasında süni intellekt əsaslı xidmətlərin sayının ilin sonunadək artırılması planlaşdırılır.
Trend-ə istinadən, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, süni intellekt sahəsində yeni istifadə imkanları və layihələr müəyyənləşdirilərək onların icrasına başlanılacaq. Bununla yanaşı, özəl sektora süni intellekt həllərinin inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində dəstək göstərilir.
"Biz özəl sektora süni intellekt sahəsindəki həllərini genişləndirmək üçün dəstək veririk. Məqsədimiz dövlət qurumlarının da həmin həllərdən aktiv şəkildə istifadə etməsidir", - deyə Ş.Əliyev qeyd edib.
Agentlik rəsmisinin sözlərinə görə, süni intellektin tətbiqi yalnız maliyyə sektoru ilə məhdudlaşmır. Vətəndaşların dövlət xidmətlərinə vahid nöqtədən çıxışını təmin etmək məqsədilə yaradılan "mygov" platformasında da bu texnologiyadan istifadəyə başlanılıb.
O qeyd edib ki, hazırda platformanın istifadəçilərinin sayı 4 milyonu ötür. Vətəndaşlar süni intellekt əsaslı xidmətlər vasitəsilə müraciətlərini səsli formada və ya çat-bot üzərindən mətn şəklində təqdim edə bilirlər.
Ş.Əliyev əlavə edib ki, ilin sonunadək "mygov" platformasında süni intellektdən istifadə etməklə təqdim olunan xidmətlərin sayının artırılması nəzərdə tutulur.