“Ağdərə, Xocalı, Kəlbəcər, Laçın və Şuşa rayonlarının ərazisində, Qarabağ Milli Parkının yaradılması barədə Prezident İlham Əliyevin sərəncamı, ilk növbədə işğaldan azad olunmuş torpaqların ekologiyasının bərpası baxımından son dərəcə əhəmiyyətlidir”.
Bunu açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildiirb. Millət vəkili qeyd edib ki, bu, işğal dönəmində ermənilərin təbiətə vurduğu zərərin nəticələrinin aradan qaldırılması baxımından da mühüm önəm kəsb edir:
“Otuz illik erməni işğalı nəticəsində Qarabağın və ətraf bölgələrin ekologiyası, təbii resursları, meşələri, yaşıllıqları məhv edilmiş, torpaqları minalarla çirkləndirilmiş, təbii sərvətləri vəhşicəsinə talanmışdır. Azərbaycan hökuməti “Böyük Qayıdış” proqramı çərçivəsində sistemli iş aparır. İnfrastruktur layihələri həyata keçirilir, şəhərlər salınır, tarixi abidələr bərpa olunur, ərazilər yaşıllaşdırılır. Beynəlxalq praktikaya görə, Milli Parklar dövlət tərəfindən qorunur. Ərazinin flora və faunasına müdaxilə, hüquqi məsuliyyət yaradır. Toxunulmazlıq, ərazinin təbii bərpasını sürətləndirəcəkdir.
Müasir dünyada bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biri qlobal iqlim dəyişikliyi, istiləşmə, səhralaşma, içməli və texniki su çatışmamazlığı hesab olunur. Bütün bunlar, aqrar sektorun inkişafına mənfi təsir göstərir və ərzaq təhlükəsizliyinə təhdid yaradır. Üstəlik, şimalda və cənubda gedən uzun müddətli müharibələr, nəqliyyat marşrutlarının bağlanması, bir çox ölkələrdə ərzaq çatışmazlığına səbəb olur. Ona görə də, hər bir dövlət, öz resurslarından səmərəli istifadə etməli, ilk növbədə daxili tələbatı ödəməlidir.
Digər tərəfdən, Azərbaycan adambaşına düşən yaşıllıqlara görə beynəlxalq standartlardan geri qalır. 2003-cü ildən bəri yaşıllaşdırma istiqamətində geniş miqyaslı işlər görülmüşdür. Ancaq kifayət deyil. Yeni Milli Parkların yaradılması, ölkə ərazisində meşə örtüyünün artmasını şərtləndirəcəkdir. Bu da, ekologiya ilə bərabər, turizm sektorunun və iqtisadi inkişafı ilə nəticələnəcək”.