“Barselona” ilə “Real Betis” arasında keçirilən matçda Lamin Yamalı başı ilə vuran “Real Betis”in futbolçusu Fakundo Bernala verilən cəza açıqlanıb.
“Barselona”nın səfərdə “Real Betis”i 5:2 hesabı ilə məğlub etdiyi qarşılaşmada baş verən insident Bernalın cəzalandırılması ilə nəticələnib.
Hadisə matçın 54-cü dəqiqəsində başlayıb. “Real Betis”in qapıçısı Alvaro Valles yerdə olarkən Fermin Lopesin onu ayağa qaldırmağa çalışması tərəflər arasında mübahisəyə səbəb olub. Daha sonra komanda yoldaşını müdafiə etmək üçün insidentə müdaxilə edən Lamin Yamal ilə Bernal arasında gərginlik artıb. Bernal rəqibinə başı ilə zərbə endirdikdən sonra baş hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Baş hakim Rikardo de Burqos Benqoçeanın raportunda Bernalın rəqibini boynundan tutaraq başının arxa hissəsi ilə onun üzünə iki dəfə zərbə endirdiyi qeyd olunub.
İspaniya Futbol Federasiyasının intizam qaydalarına əsasən, oyun dayandırıldığı zaman rəqibə qarşı xəsarətlə nəticələnməyən fiziki hücum 4-12 oyunluq diskvalifikasiya ilə cəzalandırıla bilər. Belə ki, Federasiya Bernala 4 oyunluq diskvalifikasiya verib. Hadisə zamanı xəsarət almayan Lamin Yamal isə qarşılaşmanı davam etdirib.
İradə Elsevər