Ermənistanın Avropa planı sual altındadır: İxrac çökür, iqtisadi itkilər artır

Ermənistanın Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının artımı dayanıqlı deyil və bu tendensiyanın davam edəcəyinə dair proqnozlar möhkəm əsaslara söykənmir.

TASS-a istinadən, bu barədə məlumat Avrasiya Reytinq Agentliyinin (ERA) araşdırmasında yer alıb.

Agentliyin analitikləri bildiriblər ki, 2025-ci ildə 2024-cü illə müqayisədə Aİ-yə ixrac artsa da, ikiillik dövrdə ümumi azalma müşahidə olunur. Buna görə də artımın gələcəkdə də davam edəcəyi ilə bağlı proqnozlar spekulyativ xarakter daşıyır.

Araşdırmada siyasi amillərin təsiri ilə Ermənistanın Rusiyaya birbaşa ixracının azaldığı, eyni zamanda Belarusiyaya tədarükün artdığı qeyd olunur. Analitiklərin fikrincə, erməni istehsalçıları Belarus bazarından aralıq vasitə kimi istifadə etməyə məcbur qala bilərlər. Bu isə logistika xərclərini artırır və məhsulların rəqabət qabiliyyətini zəiflədir.

Bundan əvvəl Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxaraq Aİ-yə üzvlüyə yönəlməsinin mümkün nəticələrinə dair hesabat hazırlayıb.

Sənəddə Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə ÜDM-in 15,6 faiz azala, qazın qiymətinin 69 faiz arta biləcəyi proqnozlaşdırılır. Həmçinin spirtli içkilərin ixracının 50 faiz azalacağı, Rusiyadan pul köçürmələrinin isə iki dəfə azalaraq 1,85 milyard dollara düşəcəyi bildirilir.