Vüsal Aslanov özünə 2 yeni müşavir təyin etdi

“Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müşavirlər təyin olunub.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Əmrlə İlham Axundov və Kənan Cəfərov QSC sədrin müşaviri vəzifəsinə gətiriliblər.

Qeyd edək ki, İ. Axundov 2015-2017-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin təhlükəsizlik departamentinin direktoru, 2020–2021-ci illərdə “Azərbaycan Hava Yolları” QSC-nin təhlükəsizlik departamentinin direktor müavini vəzifələrini icra edib. 2021-ci ildə “Baku Steel Company” MMC-də ümumi işlər üzrə İdarə Heyəti sədrinin müavini, 2022–2023-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də, 2023–2026-cı illərdə isə “Azərbaycan Dəmir Yolları” QSC-də sədrin müşaviri olub.

K. Cəfərov isə 2015-2022-ci illərdə “Azərbaycan Dəmir Yolları” ASC-də mühasib, aparıcı iqtisadçı, Maliyyə şöbəsinin rəis müavini, Maliyyə şöbəsinin rəisi, Tikintiyə nəzarət şöbəsinin rəisi və Tikintiyə nəzarət idarəsinin rəis müavini vəzifələrini icra edib. 2024-2026-cı illərdə “Vadi Baku” QSC-nin icraçı direktoru olub.

Onu da qeyd edək ki, son təyinatlarla “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədrinin müşavirlərinin sayı 7-yə çatıb.