Məktəblərdə "TikTok"la bağlı qərara REAKSİYA: "Müəllimlərimiz də bu platformadan istifadə edir"

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə, o cümlədən "TikTok"a məhdudiyyət tətbiq olunub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Zəngilan şəhəri 33 nömrəli məktəbin ingilis dili müəllimi, Elm vəTəhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirdi ki, o məktəblərdə bu cür məhdudiyyətlərin tətbiqini müsbət qiymətləndir:

"Çünki məktəb yalnız uşağın bilik qazandığı deyil, həm də onun təhlükəsizliyinin, psixoloji sağlamlığının qorunmalı olduğu bir mühitdir. Etiraf edək ki, bu gün sosial şəbəkələrdə uşaqların yaşına və psixoloji inkişafına uyğun olmayan kifayət qədər məzmun var. Bəzən zorakılıq, təhlükəli davranışlar, hətta zərərli vərdişlər elə təqdim olunur ki, uşaqlar bunu adi və təqlid ediləsi bir davranış kimi qəbul edə bilirlər. Bu baxımdan, məktəb mühitində belə məzmunlara çıxışın məhdudlaşdırılmasını doğru addım hesab edirəm".

Müsahibimiz burada bir məqamı da nəzərə almalı olduğumuzu vurğuladı:

"Uşağın məktəbdə baxa bilmədiyi videoya evdə, yaxud məktəbdən kənarda rahatlıqla çıxışı varsa, deməli, təkcə texniki məhdudiyyətlə problemi həll edə bilməyəcəyik. Bunun üçün məktəb və ailə birlikdə çalışmalıdır. Uşağa sadəcə nəyin qadağan olduğunu deyil, niyə zərərli olduğunu da izah etməliyik. Əslində, dünya təcrübəsində də bu istiqamətdə kifayət qədər ciddi addımlar atılır. Məsələn, Avstraliyada 16 yaşdan kiçik uşaqların "TikTok" da daxil olmaqla bir sıra sosial media platformalarında hesab sahibi olmasına məhdudiyyət tətbiq edilib. Böyük Britaniyada da oxşar qaydaların tətbiqi nəzərdə tutulur. Avropa İttifaqı isə "TikTok"un uşaqları uzun müddət ekran qarşısında saxlayan xüsusiyyətləri ilə bağlı ciddi araşdırmalar aparır. Yəni bu narahatlıq yalnız bizdə deyil, dünyanın bir çox ölkəsində mövcuddur".

Onun sözlərinə görə, "TikTok"un ölkəmizdə tamamilə bağlanmasına gəldikdə isə, o məsələyə bir qədər fərqli yanaşır:

"Düşünmürəm ki, hər hansı platformanın tam qadağan edilməsi bütün problemləri həll edəcək. Çünki "TikTok"da yalnız zərərli məzmunlar paylaşılmır. Orada maarifləndirici, elmi, mədəni və təhsil yönümlü faydalı paylaşımlar da kifayət qədərdir. Hətta müəllimlərimizin də bu platformadan tədris məqsədilə uğurla istifadə etdiyini görürük.

Məncə, əsas diqqəti platformanın tam bağlanmasına deyil, uşaqların zərərli məzmunlardan qorunmasına, yaş məhdudiyyətlərinin real şəkildə işləməsinə və sosial şəbəkələrin öz məsuliyyətlərini yerinə yetirməsinə yönəltməliyik. Əlbəttə, təhlükəsizlik tələblərinə əməl olunmadıqda daha sərt tədbirlərin görülməsi də müzakirə oluna bilər. Bir müəllim kimi düşünürəm ki, biz uşaqları rəqəmsal dünyadan tamamilə uzaqlaşdırmaqla deyil, həmin dünyada düzgün seçim etməyi öyrətməklə qorumalıyıq. Çünki bu gün uşağa hər şeyi qadağan etmək mümkündür, amma sabah onun qarşılaşacağı hər məzmuna nəzarət etmək mümkün olmayacaq. Əsas məqsədimiz uşağı sadəcə zərərli informasiyadan uzaq tutmaq deyil, həm də onu həmin informasiyanı tanıya və düzgün qiymətləndirə bilən bir şəxsiyyət kimi yetişdirmək olmalıdır".