Büdcəyə 900 milyon manat ödəyəcəklər - Nazir açıqladı

Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsinin büdcəyə təxminən 900 milyon manat dividend ödəməsi nəzərdə tutulub.

Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Nazir deyib ki, ölkə Prezidentinin monitorinq və dividend siyasəti ilə bağlı tapşırığına uyğun olaraq yaradılmış hesabatlılıq portalı bu ilin fevral-mart aylarında tam işlək vəziyyətə gətirilib, 1 113 müəssisə portalda qeydiyyatdan keçib və 11 434 hesabat təqdim edib: "Bunun nəticəsində 2026-cı il üçün 950-yə yaxın dövlət şirkətinin təsdiqlənmiş büdcə hesabatlarını əldə etmişik, 885 müəssisə üzrə isə dividend proqnozu hesabatlarını formalaşdırmışıq. Bu təhlilin nəticəsi olaraq, gələn il ilk dəfə 40-dan çox müəssisədən dövlət büdcəsinə dividend ödənişləri nəzərdə tutulub. Bu, həm son illərdə dövlət şirkətlərinin idarə edilməsi sahəsində əldə olunan nailiyyətlərin, həm də dövlət maliyyə siyasətində yeni istiqamətin və yanaşmanın bariz nəticəsidir. Düşünürük ki, növbəti illərin dövlət və icmal büdcələri hazırlanarkən dövlət şirkətləri ilə sıx əməkdaşlığı davam etdirməklə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə nail ola biləcəyik".