Azərbaycan qanunvericiliyinə islam maliyyəsinin tətbiqinə imkan verən dəyişikliklərdən sonra növbəti mərhələdə bu maliyyələşmə modelinin bankların risklərin idarə edilməsi sisteminə inteqrasiyası nəzərdə tutulur.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda təşkil olunan III İslam Maliyyə Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qarşıdakı beş il ərzində islam maliyyəsi üzrə verilən kreditlərin və cəlb olunan depozitlərin həcmində ciddi artım müşahidə edilə bilər.
"İslam bankçılığına mövcud ənənəvi bank sektorunun rəqibi kimi deyil, onu tamamlayan, maliyyə ekosisteminin vacib tərəfdaşlarından və istiqamətlərindən biri kimi baxırıq. Bu istiqamətdə Mərkəzi Bank bu il qanunvericiliyə dəyişikliklər layihəsi hazırlayaraq hökumətə təqdim edib. Hazırda hökumətlə razılaşdırma mərhələsindəyik.
Qanunvericilik paketi ümumilikdə beş baza məhsulunu və prinsipi əhatə edir. Eyni zamanda, ənənəvi bankçılıqla rəqabət şəraitinin neytrallığını təmin etmək məqsədilə vergilər, dövlət rüsumları və əmanətlərin sığortalanması ilə bağlı müvafiq dəyişikliklər nəzərdə tutulub", – deyə o qeyd edib.
Ş. Mahmudzadə bildirib ki, islam maliyyəsinin inkişafı üçün kadr potensialının gücləndirilməsi istiqamətində də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir. Hazırda bank sektorunda mütəxəssislərin hazırlanması, eləcə də əhalinin maliyyə savadlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
O əlavə edib ki, qanunvericilik qüvvəyə minənədək yeni maliyyə məhsullarının sınaqdan keçirilməsi üçün tənzimləyici sandbox mexanizmindən istifadə olunur.
"Bildiyiniz kimi, bizdə sandbox rejimi mövcuddur. Bu, qanunvericilik bazası hələ tam formalaşmamış məhsulların sınaqdan keçirilməsinə imkan verən mexanizmdir. Hazırda bu rejim çərçivəsində iki bank müxtəlif məhsullar üzrə testlər aparır, eyni zamanda bazarın həmin məhsullara tələbatını qiymətləndirir.
İlkin nəticələr göstərir ki, sınaq rejimi uğurla fəaliyyətini davam etdirir. Gələcəkdə, islam maliyyəsi ilə bağlı qanunvericilik qüvvəyə mindikdən sonra ekosistemin digər istiqamətlərindən biri olan kapital bazarları üzrə də qanunvericiliyə dəyişikliklər paketi hazırlanacaq. Bu çərçivədə, xüsusilə, sukukla bağlı dəyişiklikləri qeyd etmək olar", – deyə AMB rəsmisi vurğulayıb.