İslam bankçılığı ilə bağlı təşəbbüslərə start verilməzdən əvvəl ölkədə bu sahəyə olan tələbat ölçülüb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə sektorunun
inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva cümə axşamı günü III İslam Maliyyə Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, araşdırmalar göstərib ki, bir çox biznes subyektləri İslam məhsullarına yüksək maraq göstərsələr də, sahə barədə ətraflı məlumatın az olması səbəbindən sorğu nəticələri bəzən şişirdilmiş ola bilər. Buna görə də qanunvericiliyə dəyişikliklərin mərhələli şəkildə həyata keçirilməsi qərara alınıb.
“İlk mərhələdə "Sandbox" layihəsi üzrə pilot layihəyə başlanılıb və hazırda iki bank tərəfindən İslam maliyyəsi məhsulları təqdim olunur. Layihə çərçivəsində bankların praktikada qarşılaşdıqları çətinliklər nəzərə alınaraq qanunvericilikdə müvafiq həll yolları əhatə olunub”,- deyə o bildirib.
Onun sözlərinə görə, layihəyə əsasən, alternativ maliyyə alətləri qismində 5 əsas İslam maliyyə məhsulu daxil edilib.
“İcarə və istisna məhsulları, alternativ müddətli və alternativ tələbli depozitlər. Yeni məhsulların ənənəvi bank məhsullarından geri qalmaması və daha baha başa gəlməməsi üçün Vergi Məcəlləsinə və Əmanətlərin Sığortalanması Haqqında Qanuna dəyişikliklər təklif edilib. Məsələn, mürabahə məhsulu zamanı yaranan əlavə ƏDV vergisinin və ikiqat tətbiq olunan dövlət rüsumunun aradan qaldırılması üçün Dövlət Vergi Xidməti ilə müzakirələr aparılıb.
Bununla yanaşı, vətəndaşların banklara qoyduğu İslami əmanətlərin də sığortalanması məsələsi qanunvericilikdə nəzərə alınıb, eyni zamanda vətəndaşların riskləri qiymətləndirilərək banklara əlavə yük yaradılmaması üçün tədbirlər görülüb”,- deyə o vurğulayıb.