Nazir: Süni intellekt və qabaqcıl analitika həllərinin tətbiqi genişləndirilir

"Dövlət müəssisələrinin maliyyə fəaliyyətinin monitorinqi və dividend siyasətinin təkmilləşdirilməsi sahəsində də rəqəmsal həllərin tətbiqi genişləndirilir".

Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda deyib.

O bildirib ki, cari ilin doqquz ayında müvafiq altsistemdə 1113 müəssisə qeydiyyatdan keçib, 3298 aylıq və 11 434 rüblük hesabat təqdim olunub: "Həmçinin sistem vasitəsilə 2026-cı il üzrə 950 təsdiqlənmiş büdcə hesabatı, 2027-ci il üzrə 885 dividend proqnozu və 1529 büdcə proqnozu hesabatı təqdim edilib. Bu mexanizmlər dövlət müəssisələrinin fəaliyyətində maliyyə intizamının gücləndirilməsinə, risklərin erkən aşkarlanmasına və məlumat əsaslı qərarvermənin təkmilləşdirilməsinə imkan yaradır".

Sahil Babayev dövlət maliyyəsinin idarə edilməsində süni intellekt və qabaqcıl analitika həllərinin tətbiqinin genişləndirilməsinin növbəti mərhələnin mühüm prioritetlərindən olduğunu vurğulayıb: "Bu istiqamətdə maliyyə risklərinin proqnozlaşdırılması, kənarlaşmaların avtomatik aşkarlanması, büdcə və xərc dinamikasının modelləşdirilməsi, idarəetmə qərarlarının analitik əsaslarının gücləndirilməsi nəzərdə tutulur".

Büdcə şəffaflığının və ictimai iştirakçılığın genişləndirilməsinə də toxunan nazir Maliyyə Nazirliyi yanında İctimai şuranın fəaliyyətini, “Elektron Büdcə Bələdçisi”, “Vətəndaşın Büdcə Bələdçisi”, “Xəzinə Bələdçisi” və digər təşəbbüsləri dövlət maliyyəsi barədə məlumatların ictimaiyyətə əlçatanlığının artırılması baxımından əhəmiyyətli addımlar kimi qiymətləndirib.

Nazir vurğulayıb ki, həyata keçirilən tədbirlər dövlət maliyyəsinin idarə edilməsində vahid rəqəmsal ekosistemin formalaşdırılmasına, maliyyə intizamının möhkəmləndirilməsinə, şəffaflığın və hesabatlılığın gücləndirilməsinə xidmət edir.