Maliyyə Nazirliyi: Rəqəmsallaşma prosesi 1-2 il ərzində tamamlanacaq

Maliyyə Nazirliyi rəqəmsallaşma prosesini 1-2 il ərzində tamamlamağı planlaşdırır.

Bunu Maliyyə Nazirliyinin Aparatının Müasir Texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Onun sözlərinə görə, sistem daha effektiv və rahat olmalıdır. Elektronlaşmanı yalnız Maliyyə Nazirliyi həyata keçirmir. Yaradılan sistemlərin arxasında digər dövlət qurumları ilə məlumat mübadiləsi dayanır. Qısa müddətdə 20 dövlət qurumu ilə müxtəlif formatlarda məlumat mübadiləsini təmin etmişik. Əgər həmin məlumatlar bizə təqdim olunmasaydı, nəticədə elektron xidmətlərin və məlumatların təmin edilməsində bir çox çətinliklərlə üzləşərdik. Bu baxımdan, bizimlə interaktiv formatda əməkdaşlıq edən və məlumat mübadiləsinin təmin olunmasına dəstək verən digər dövlət qurumlarına da xüsusi təşəkkürümüzü bildiririk. Çünki biz sistemləri funksional baxımdan nə qədər hazır etsək də, qarşı tərəf də bir çox hallarda tələblərimizə uyğun olaraq öz sistemlərini təkmilləşdirir və bizə lazım olan məlumatları təqdim edir".

"Son bir il ərzində inkişaf sürətinə baxdıqda görürük ki, bir çox hallarda sistemlərimiz artıq hazırdır və istismara verilib. Lakin bu prosesi konkret bir müddətdə başa çatacaq layihə kimi qiymətləndirmək düzgün olmazdı. Çünki sistemlər daim təkmilləşdirilir, yeni tələblər və rəqəmsallaşma ilə bağlı əlavə funksionallıqlar ortaya çıxır, onların tətbiqi həyata keçirilir. Məsələn, mühasibat uçotu haqqında qanunda əzərdə tutulan konsolidə edilmiş hesabatların əldə olunması və xərclər üzrə şəffaflığın artırılması istiqamətində işlər aparılır. İlk mərhələdə büdcədən maliyyələşən təşkilatların xərcləri üzrə təchizat prosesi başladılıb, daha sonra ehtiyac olan qurumların sistemə qoşulması təmin edilib. Növbəti mərhələdə isə məqsədimiz konsolidə edilmiş hesabatların əldə olunmasıdır. Bütün bu işlər mərhələli şəkildə həyata keçirilir. Düşünürük ki, ən qısa müddətdə, ən yaxşı halda, qarşıdakı bir-iki il ərzində müvafiq imkanları tam şəkildə təmin edə biləcəyik", - deyə nazirlik rəsmisi qeyd edib.