İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi son hücumlarda daha iki fələstinli həlak olub, çox sayda insan yaralanıb.
Şahidlərin məlumatına görə, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Qəzza şəhərinin qərbindəki Sənaye küçəsi və Sənaye qovşağı ərazisində elektrikli velosipedi hədəf alıb. Hücum nəticəsində velosipedçi və yoldan keçən bir mülki şəxs həyatını itirib, bir neçə sakin yaralanıb. Hücumun baş verdiyi ərazidə məcburi köçkünlərin çadırlarının yerləşdiyi bildirilir.
Qəzzanın cənubundakı Xan Yunis şəhərinin şimalındakı Həməd bölgəsində isə bir fələstinli qadın İsrail hərbçilərinin hücumu nəticəsində yaralanıb.
Qəzza Səhiyyə Nazirliyinin yaydığı son məlumatda bildirilir ki, 10 oktyabr 2025-ci ildə atəşkəs elan edildikdən bu günədək İsrailin hücumları nəticəsində 1534 fələstinli həlak olub, 5486 nəfər yaralanıb, dağıntılar altından isə 841 nəfərin cəsədi çıxarılıb.
2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı həyatını itirənlərin sayı 74 494-ə, yaralananların sayı isə 175 604-ə çatıb.