"Bəşəriyyətin faciəsi cahillərin bilməməsində deyil, savadlıların vicdansızlığındadır... " - Oxumaq nəyə yarayır?

Kulis.az Şamil Paşayevin "Oxumaq nəyə yarayır?" yazısını təqdim edir.

Nikos Kazancakisin məşhur "Zorba" romanında maraqlı bir dialoq var. Zorba gənc insanların niyə öldüyünü soruşur. Kitab oxuyan, dünyanı anlamağa çalışan gənc isə cavab verə bilmir.

Zorba soruşur: “Əgər oxuduğun kitablar bu suala cavab vermirsə, onda nə işə yarayır?”

Gəncin cavabı isə düşündürücüdür: “Sənin kimi suallarına cavab tapa bilməyən insanların ağrılarını anladırlar.”

Bəlkə də oxumağın mahiyyətini bundan gözəl izah etmək çətindir.

İnsan kitabları yalnız məlumat əldə etmək, başqalarından daha çox bilmək, diplom almaq və ya mübahisələrdə qalib gəlmək üçün oxumamalıdır. Çünki bilik insanı avtomatik olaraq müdrik etmir. Dünyanın ən savadlı adamı eyni zamanda qəddar, dözümsüz və mənəviyyatsız ola bilər.

Bəşəriyyət tarixinin ən ölümcül silahlarını yaradanlar da çox vaxt dövrünün ən savadlı, ən yüksək intellektual qabiliyyətlərə malik insanları olublar. Atom bombasının yaradılmasının arxasında böyük elmi zəka, illərlə aparılmış tədqiqatlar və bəşəriyyətin topladığı nəhəng bilik dayanırdı. Ancaq bu bilik insan həyatını xilas etməyə də, yüz minlərlə insanın ölümünə səbəb olmağa da xidmət edə bilirdi.

Holokost zamanı milyonlarla insanın sistemli şəkildə məhv edilməsi də yalnız savadsız və qəddar kütlələrin işi deyildi. Qaz kameralarının qurulmasında, ölüm düşərgələrinin təşkilində, insanların məhv edilməsi mexanizminin idarə olunmasında mühəndislər, həkimlər, hüquqşünaslar və yüksək təhsilli dövlət məmurları da iştirak edirdilər.

Onların biliyi var idi, amma bu bilik insan ləyaqətinə hörmətlə müşayiət olunmurdu. Onlar mürəkkəb texniki problemləri həll edə bilirdilər, amma ən sadə əxlaqi həqiqəti - insan həyatının toxunulmazlığını qəbul etmirdilər.

Deməli, savadlı olmaq hələ vicdanlı olmaq demək deyil. İntellektt insanı güclü edə bilər, amma bu gücün hansı məqsədə xidmət edəcəyini onun mənəvi dəyərləri müəyyənləşdirir.

Elm insana nəyi və necə edə biləcəyini öyrədir. Əxlaq isə ona nəyi etməməli olduğunu xatırladır.

Ona görə də oxumağın məqsədi yalnız bilik toplamaq olmamalıdır. (Təcrübə, müşahidə, empatiya və tənqidi düşüncə də biliyin mənbələridir.)

Bilik insanın mühakiməsini, vicdanını və başqalarının həyatına münasibətini dəyişmirsə, o, sadəcə güclü bir alət olaraq qalır. Bu alətlə həm insanlığı xilas etmək, həm də onu məhv etmək mümkündür.

Əsl faciə savadsız insanın bilməməsi deyil, savadlı insanın bildiklərini vicdansızlığın xidmətinə verməsidir.

Oxumağın ən böyük faydası insana bilmədiklərinin nə qədər çox olduğunu göstərməsidir.

Sokratın müdrikliyi bütün sualların cavabını bilməsində deyil, öz biliyinin sərhədlərini dərk etməsində idi. İnsan nə qədər çox oxuyursa, bir o qədər az şey bildiyinin fərqinə varmalıdır. Əks halda oxuduqları onu müdrik deyil, sadəcə özündənrazı bir insana çevirər.

Kitablar ölümü aradan qaldırmır, ədalətsizliyi bitirmir, müharibələrin qarşısını almır. Fəlsəfə bizə həyatın bütün suallarının cavabını vermir. Hüquq kitabları dünyada ədalətin hökm sürməsinə zəmanət yaratmır. Tarix oxumaq da bəşəriyyətin eyni səhvləri təkrarlamasına mane olmur.

Bəs onda bütün bunları niyə oxuyuruq?

Çünki oxumaq dünyanı dəyişməzdən əvvəl dünyaya baxan insanı dəyişməlidir.

Tarix oxuyan insan başa düşməlidir ki, bu gün mütləq həqiqət kimi qəbul edilən düşüncələr dünən mövcud olmayıb, sabah isə əhəmiyyətini itirə bilər.

Fəlsəfə oxuyan insan öz inancını, düşüncəsini və qənaətlərini sorğulamağı bacarmalıdır.

Hüquq oxuyan insan qanunun həmişə ədalət demək olmadığını, qanuni olan hər şeyin mütləq doğru sayılmayacağını anlamalıdır.

Ədəbiyyat oxuyan insan isə heç vaxt yaşamadığı həyatı yaşamağı, heç vaxt çəkmədiyi ağrını duymağı, heç vaxt tanımadığı insanı anlamağı öyrənməlidir.

Bəlkə də kitabların ən böyük gücü elə budur: bizi öz həyatımızın, öz düşüncələrimizin və öz həqiqətlərimizin dar sərhədlərindən çıxarması.

İnsan yalnız öz ağrısını hiss edirsə, bu, təbiidir. Amma başqasının ağrısını da anlaya bilirsə, artıq mənəvi inkişafdan danışmaq olar.

Məncə, oxumağın məqsədi hər suala cavab tapmaq deyil. Bəzən düzgün sualı verməyi, bəzən cavabsızlıqla yaşamağı, bəzən də özümüzdən tamamilə fərqli düşünən insanı başa düşməyi öyrənməkdir.

Çünki hər şeyi bildiyini düşünən adamın artıq öyrənəcəyi heç nə qalmır. Halbuki həqiqi intellektual inkişaf insanın öz yanılma ehtimalını qəbul etdiyi yerdən başlayır.

Kitab oxumaq insanı başqalarından üstün etmir. Etməməlidir də. Onu dünənki özündən daha düşüncəli, daha anlayışlı, daha az mühakimə edən bir insana çevirməlidir.

Əgər yüzlərlə kitab oxuduqdan sonra hələ də fərqli düşünən insanlara nifrət edir, öz həqiqətlərimizi mütləqləşdirir, başqalarının iztirablarına laqeyd qalırıqsa, deməli, kitabları oxumuşuq, amma onların bizə öyrətmək istədiklərini anlamamışıq.

Və nəhayət, Zorbanın sualına qayıdaq: Oxumaq nəyə yarayır?

Bəlkə də cavab çox sadədir: Həyatın bütün sirlərini açmağa deyil, onun mürəkkəbliyini dərk etməyə. Hər şeyi bilməyə deyil, bilmədiklərimizin fərqinə varmağa. Ən əsası isə yalnız özümüz üçün deyil, başqalarını da anlayaraq yaşamağa.

Bəzən bir insanı anlamaq min kitabı əzbər bilməkdən daha böyük fəzilətdir. Amma insanı anlamaq üçün də bilik lazımdır. Deməli, məsələ nə qədər bildiyimizdə deyil, bildiklərimizlə nə qədər anlaya bildiyimizdədir

Oxumaq bizi daha ağıllı edə bilər, amma daha yaxşı insan edəcəyinə zəmanət vermir.

Bəşəriyyətin faciəsi bəzən cahillərin bilməməsində deyil, savadlıların vicdansızlığındadır.

Oxumağın məqsədi yalnız bilikli olmaq deyil. Əsl məqsəd biliyi əxlaqla birləşdirib ərdəmə çevirməkdir.

Çünki bilik bizi savadlı, əxlaq isə insan edir.