Dünyada həkimlər çatışmayacaq - Ölkələrin adı açıqlandı

Dünya səhiyyə sistemi qarşıdakı 10 ildə ciddi həkim çatışmazlığı ilə üzləşə bilər. Həkimlərin əhəmiyyətli hissəsinin təqaüdə çıxması və əhalinin yaşlanması tibbi xidmətlərə tələbatı artıracaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirməsinə görə, 2030-cu ilədək dünyada səhiyyə sahəsində kadr çatışmazlığı 11 milyon nəfəri keçəcək. Bu, hazırda sektorda çalışan təxminən 70 milyon mütəxəssisin 15 faizindən çoxuna bərabərdir.

ÜST-nin 122 ölkədə tibbi xidmətlər bazarında gələcək tələb və təklifi təhlil edən ekspertləri yaxın illərdə dünyanın əksər ölkələrinin səhiyyə sistemlərinin həkim çatışmazlığı ilə üzləşəcəyi qənaətinə gəliblər.

Tibbi xidmətlərə tələbatın artmasının əsas səbəblərindən biri əhalinin yaşlanması olacaq. 2030-cu ilədək yaşı 60-dan yuxarı olan insanların dünya əhalisinin altıda birini – 1,4 milyard nəfəri təşkil edəcəyi gözlənilir. Bu isə xroniki qeyri-infeksion xəstəliklərin sayının artmasına səbəb olacaq. Hazırda ölüm səbəblərinin strukturunda əsas pay məhz bu xəstəliklərin üzərinə düşür.

ÜST ekspertlərinin qeyd etdiyinə görə, son 20 ildə dünyada səhiyyə işçiləri ilə təminat səviyyəsi 52 faiz artıb. Bu göstəriciyə həkimlər, tibb bacıları, mamalıq mütəxəssisləri, stomatoloqlar və əczaçılar daxildir.

Belə ki, 2006-cı ildə hər 10 min nəfərə orta hesabla 44,8 səhiyyə mütəxəssisi düşürdüsə, 2025-ci ildə bu rəqəm 67,9-a yüksəlib.

Bununla belə, yaxın gələcəkdə həkimlərin əhəmiyyətli hissəsi təqaüdə çıxacaq. Yüksək gəlirli ölkələrdə qarşıdakı 10 il ərzində hər üç mütəxəssisdən biri məhz bu səbəbdən iş yerini tərk edəcək. Dünya üzrə isə hər dörd həkimdən birinin təqaüdə çıxacağı gözlənilir.

ÜST-nin proqnozlarına əsasən, 2030-cu ilədək səhiyyə sahəsində kadr çatışmazlığı 11,1 milyon nəfərə çatacaq. Bu, hazırda sektorda çalışan 70 milyon mütəxəssisin sayının 15 faizindən çoxdur. Ən ciddi çatışmazlığın ABŞ, Çin və Avropa İttifaqı ölkələri də daxil olmaqla, dünyanın ən böyük iqtisadiyyatlarında yaşanacağı ehtimal edilir.

ÜST Akademiyasının insan resursları siyasəti və məlumatları şöbəsinin rəhbəri vəzifəsini icra edən Hassum Diallo hesab edir ki, artıq indidən tibb işçilərinin planlaşdırılması, hazırlanması, işlə təmin olunması və onların səhiyyə sistemində saxlanılması istiqamətində tədbirlər təkmilləşdirilməlidir.

Hazırda Avstraliya, Kanada və Yeni Zelandiya ölkəyə gələn tibb işçilərinə rəqabətqabiliyyətli əməkhaqqı təklif edir. Bu maaşlar həmin ölkələrdə oxşar ixtisasa malik yerli tibb işçilərinin qazancı ilə müqayisə oluna bilər. Bundan əlavə, mənzil təminatı, yaşayış icazəsinin alınmasına kömək və sonradan vətəndaşlığın rəsmiləşdirilməsi proqramları mövcuddur.

Rusiya da həkimlər uğrunda rəqabətə cəlb olunacaq. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, 2026-cı ildə ölkədə 23 min həkimə və orta tibb personalına aid 63 min mütəxəssisə ehtiyac var. Halbuki, səhiyyə sektorunda çalışanların ümumi sayı 1 milyondan çoxdur.

Rusiyalı mütəxəssislər milli səhiyyə sistemində cərrahlar, nevroloqlar və internistlər kimi əsas tibbi ixtisasların çatışmazlığını qeyd edirlər.

Rusiyalı ekspertlər ölkədə tibb işçilərinin çatışmazlığının əsas səbəbləri sırasında aşağı əməkhaqqını, işin çətinliyini, emosional yükü, eləcə də Rusiya cəmiyyətində tibb peşəsinə nüfuz və hörmətin azalmasını göstərib.