Qlobal əmtəə bazarında Yaxın Şərqdəki gərginlik nefti bahalaşdırdığı halda, yüksək faiz gözləntiləri qiymətli metallara təzyiq göstərir. ABŞ-də təbii qaz isə mülayim hava proqnozları fonunda ucuzlaşır.
Oktyabrın 22-də Bakı vaxtı ilə saat 08:42-də Brent 1,77% artaraq bir barel üçün 110,75 dollara, WTI isə 1,47% yüksələrək 98,58 dollara çatıb. Səudiyyə Ərəbistanına yeni hücumlar enerji təchizatının pozulması narahatlığını gücləndirib. ABŞ-də xam neft ehtiyatlarının ötən həftə 3,06 milyon barel azalaraq 412,5 milyon barelə düşməsi də qiymətləri dəstəkləyib. Bununla yanaşı, dizel və soba yanacağını əhatə edən distillat ehtiyatları gözlənilmədən artıb.
Qızıl əks istiqamətdə hərəkət edib. Saat 09:30-da spot qiymət 1,3% azalaraq troya unsiyası üçün 4 085,29 dollara enib və oktyabrın 14-dən bəri minimuma çatıb. Gümüş 3,3% ucuzlaşaraq 56,05 dollara, platin 2,2% geriləyərək 1 593,05 dollara, palladium isə 2,7% azalaraq 1 057,32 dollara düşüb. Neftin bahalaşması inflyasiya narahatlığını artırır və faizlərin uzun müddət yüksək qalacağı gözləntisini gücləndirir. Bu isə faiz gəliri gətirməyən qızılın saxlanmasını investorlar üçün daha az cəlbedici edir.
Sənaye metallarında da fərqli dinamika müşahidə olunur. Oktyabrın 21-də London Metal Birjasında üçaylıq mis fyuçersi 0,4% azalaraq ton üçün 14 364 dollardan ticarət olunub. Birja anbarlarında ehtiyatların bir həftədə 8% artması təchizat narahatlığını zəiflədib. Nikel isə İndoneziyada hasilatın məhdudlaşdırılması ehtimalı fonunda 3,3% bahalaşaraq 16 185 dollara yüksəlib.
ABŞ-nin iqtisadi nəşri “The Wall Street Journal”ın məlumatına görə, ölkədə təbii qaz fyuçersləri oktyabrın 21-də 5,8% ucuzlaşaraq milyon Britaniya istilik vahidi üçün 2,79 dollarla bağlanıb. Mülayim hava istilik tələbinin artacağına dair gözləntiləri zəiflədib; eniş ardıcıl dördüncü sessiyada davam edib.
Uzunmüddətli perspektivdə ABŞ-nin maliyyə məlumatları şirkəti “Bloomberg”in tədqiqat bölməsi “BloombergNEF” mis bazarında çatışmazlığın 2028-ci ildən başlayacağını proqnozlaşdırır. Qurum yeni mədənlərə 332 milyard dollar investisiya lazım olduğunu bildirir.