Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) oktyabrın 19-da Tavuş vilayəti istiqamətində sərhədi keçən Azərbaycan vətəndaşı ilə bağlı rəsmi bəyanat yayıb. Ermənistan tərəfi saxlanılan şəxsin şəxsiyyətini və hadisənin təfərrüatlarını açıqlayıb.
"Haykakan Jamanak" nəşrinin yaydığı məlumata görə, rəsmi qurumun yaydığı bəyanatda deyilir:
“2026-cı il oktyabrın 19-da, saat 17:50 radələrində Ermənistan Respublikası ərazisində (Tavuş vilayəti) Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Kasımov Yaşar Əli oğlu aşkar edilib. Həyata keçirilən yoxlama tədbirləri nəticəsində məlum olub ki, Azərbaycan Respublikasının vətəndaşı Ermənistan ərazisinə azaraq keçib. Hazırda Azərbaycan vətəndaşının geri qaytarılması üçün müvafiq tədbirlər görülür”.
Tərəflərin hadisə ilə bağlı ilkin məlumatları...
Xatırladaq ki, hadisə barədə ilk məlumatlar oktyabrın 19-da axşam saatlarında yayılmağa başlamışdı.
Ermənistan tərəfinin ilkin məlumatı:
Ermənistan KİV Tavuş vilayətinin Çinari kəndi yaxınlığında Azərbaycan tərəfindən bir çobanın sərhədi keçdiyini və yerli sakinlər tərəfindən fərq edildiyini yazmışdı. Bildirilirdi ki, həmin şəxs ilkin dindirilmə və araşdırma üçün Berd şəhərindəki hərbi polis bölməsinə aparılıb.
Azərbaycan tərəfinin ilkin reaksiyası:
Azərbaycan mediası hələ rəsmi qurumların bəyanatı yayılmamışdan öncə, erməni mətbuatına istinadla Tovuz istiqamətindən bir çobanın sərhədi keçdiyi xəbərini tirajlamışdı. İlkin ehtimallara görə, 58 yaşlı Yaşar Kasımov ərazidəki dumanlı və çiskinli hava şəraitində heyvanların arxasınca gedərkən yolu azıb və koordinasiyanı itirərək qarşı tərəfə keçib.
Ermənistan MTX-nin son bəyanatı və şəxsin qəsdən deyil, məhz azaraq sərhədi keçdiyini təsdiqləməsi onun yaxın günlərdə humanitar prinsiplər əsasında, beynəlxalq vasitəçilərin (məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsinin) iştirakı ilə Azərbaycana təhvil veriləcəyi gözləntisini artırır.
Azərbaycan tərəfinin son məlumata reaksiyası hələki açıqlanmayıb.
Hadisənin gedişatı və çobanın vətənə qaytarılması prosesi diqqətimizdədir.
S.Laçın