Monika Klintonla qalmaqalı barədə ifşaedici kitab çap etdirməyə hazırlaşır

O vaxtkı ABŞ Prezidenti Bill Klintonla münasibətləri ucbatından 1990-cı illərin ən səs-küylü siyasi qalmaqallarından birinin mərkəzində qalan Monika Levinski yeni kitab üzərində işləyir.

“Page Six” layihənin artıq WME Agentliyi vasitəsilə nəşriyyatlara təqdim edildiyini öyrənib.

Gələcək kitab nəşriyyat sektorunda fəal müzakirə olunur. 53 yaşlı Monikaya yaxın mənbə kitabın həqiqətən də nəşriyyatlara təklif edildiyini təsdiqləsə də, əlavə təfərrüatları açıqlamaqdan imtina edib.

Digər bir mənbə ehtimal edir ki, müəllif həm gənclik illərindən, həm də sonrakı dövrdə yaşadığı qalmaqallı hadisələrdən bəhs edəcək. Həmin dövrdə Monika lağ və təhqirlərə qarşı mübarizə aparan ictimai xadimə və podkast aparıcısına çevrilmişdi.

Monika Levinski 1998-ci ildə ABŞ-nin o vaxtkı Prezidenti Bill Klintonla cinsi münasibətlərinin üzə çıxmasından sonra beynəlxalq populyarlıq qazanıb. Həmin vaxt onun 22 yaşı vardı və Ağ Evdə təcrübə keçirdi. Qalmaqaldan sonra Monika uzun illər ictimai lağ və qınağın hədəfində olub. Daha sonra kibertəhqirlərə və təqiblərə qarşı mübarizəyə fokuslanıb, qınaqlar fonunda ictimaiyyət arasında yaşamaq təcrübəsi barədə açıq danışmağa başlayıb.

Monika indiyədək öz avtobioqrafiyasını nəşr etdirməyib. 1999-cu ildə şahzadə Diananın bioqrafı Endryu Mortonla birlikdə “Monikanın hekayəsi” kitabı üzərində çalışıb. Həmçinin Rayan Mörfinin Klinton qalmaqalından bəhs edən 2021-ci il istehsalı “İmpiçment: Amerika cinayətinin tarixi” serialında yer alıb.

Monika 2014-cü ildə “Vanity Fair” jurnalında “Utanc və sağ qalmaq” adlı essesini dərc etdirib.

Son illərdə şəxsi təcrübələrini ötən il fəaliyyətə başlayan “Reclaiming with Monica Lewinsky” podkastı vasitəsilə bölüşməyə davam edib. Podkastın qonaqları arasında Lizzo, Mayli Sayrus, Sara Polson, Con Oliver və digər məşhurlar olub.

Monika bu yaxınlarda irəli addımlamaq üçün keçmişini qəbul etməyin vacibliyindən danışıb. O bildirib ki, Ağ Evdə işlədiyi illəri həyatından silməyə çalışmaq əvəzinə, həmin təcrübəni şəxsiyyətinin bir hissəsi kimi qəbul etməyi öyrənməlidir.

Kitabın nə vaxt nəşr olunacağı və Monikanın hansı təfərrüatları açıqlayacağı hələ məlum deyil. Amma mənbələrin ehtimalları təsdiqlənərsə, kitabda həm Monikanı Amerikanın ən çox müzakirə olunan qadınlarından birinə çevirən hadisələr, həm də öz keçmişinə yenidən nəzər salmaq üçün keçdiyi uzun yol əks oluna bilər.