Möhtərəm cənab Prezident!

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yüksək səviyyədə və uğurla keçirilməsi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Qurultayda meliorasiya sahəsində çalışan gənc mühəndis və 44 günlük Vətən müharibəsinin iştirakçısı kimi iştirak etmək mənim üçün böyük şərəf və qürur idi.

Xalqımızın bugünkü tarixi qələbələrinin təməli 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis qurultayında qoyulmuşdur. Həmin dövrdə Azərbaycanın taleyini düşünən cəsarətli və mütərəqqi insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək ölkəmizin gələcək inkişafına və qələbələrimizə aparan yolun əsasını qoymuşlar. Bu siyasi irsin davamı olaraq, Sizin rəhbərliyinizlə qazanılan tarixi Zəfər xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qüdrətinin təntənəsinə çevrilmişdir.

Gənc nəslin nümayəndəsi olaraq, Azərbaycan reallıqlarının, ölkəmizdə görülən işlərin və əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılmasını mühüm vəzifəm hesab edirəm. İdeoloji işin düzgün təşkili, partiya fəallarının bu istiqamətdə fəallığı və gənclərin prosesə töhfəsi barədə dedikləriniz hər bir gənc üçün fəaliyyət proqramıdır. Biz gənclər tarixi Zəfərimiz yolunda olduğu kimi bundan sonra da hər zaman Sizinləyik.

Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, xalqımıza firavanlıq, dövlətimizə davamlı tərəqqi arzulayıram.

Dərin hörmətlə,

İlkin Hüseynov,

Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin abonent xidmətləri şöbəsinin rəisi

Azərbaycan Respublikası, Tovuz rayonu, Aşağı Quşçu kəndi.