“44” filminin təqdimat mərasimindəki iştirakımdan sonra özümə gələ bilmirəm. İnanın, o qədər maraqlı filmdir ki.. Mən elə bildim ki, filmə baxmıram, o hadisələrin içindəyəm. 44 gün ərzində keçirdiyimiz həyəcanları, o hissləri, sarsıntıları filmə baxanda yenidən yaşadım. Filmin çox gözəl senarisi var. Həm real həyata, həm də xəyallara bağlanır. Filmin bağlantılarını çox sevdim. Ələxsus da aktyor, aktrisa seçimi mükəmməl idi. Çox təsirli, həssas səhnələri var. Filmin üzərində sanki zərgər işi gedib. Montajı da peşəkar işlənib”.
Bunu açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib.
O daha sonra əlavə edib:
“Filmdəki aktyorların, hərbçilərin davranışlarını, onların peşəkar döyüş səhnələrini izləyəndə şəhidlərimiz bir-bir gözümün önündən keçdi. Hərbi sursatlardan, hərbi cihaz və geyimlərdən çox gözəl istifadə olunub. Gəncəyə atılan raket və dinc əhalinin ölüm səhnələrini filmdə çox gözəl canlandırıblar. Mən demişəm, yenə də deyirəm ki, bu film sanki bizim gələcək nəsilə ötürəcəyimiz sərvətdir. Çünki biz o günləri yaşamışıq, görmüşük. Torpaqlarımızı bir-birinin ardınca işğaldan azad edərkən sevinmişik, şəhidlərimizin nəşi gətiriləndə isə ağlamışıq, dərdə-qəmə batmışıq. Təqdimat günü ən möhtəşəm hadisələrdən biri də şəhid analarının sonda səhnəyə çıxması oldu. İnanırsız, biz hamımız ağlayırdıq və tüklərimiz biz-biz olurdu. Bu filmdə hər kəsin həyatından bir damcı nəsə var idi. Çoxdandır belə film görmürdüm. Filmlərə baxırdım, amma müharibəmizə, qələbəmizə, əsgərlərimizin şücayətinə aid film görmürdüm. “44” filmi məhz həmin möhtəşəm işlərdəndir. Bir daha qürur duydum. Rəşad rolunu aktyorumuz İbrahim Çingiz oynayırdı. Mən inana bilmirdim ki, o aktyordur. Elə bilirdim ki, o əsgərdir. O dərəcədə inandırıcı və təbii oynayırdı. İki tələbəm də filmdə rol almışdı. Türkay Cəfərli və Fərid. Hələ də “44” filminin təsiri altındayam”.