Bir zəngin gücü: Dövlət ağlı fitnəyə qalib gəldi – Aqil Ələsgər yazır

Hamı bu zəngi gözləyirdi.

Hamı narahatdı.

Hamı bu zəngin illərdən bəri kərpic-kərpic qurulan işlərin yavaş-yavaş uçurulmasını durduracağına inanırdı.

Çünki bəzən bir telefon zəngi min bəyanatdan daha güclü olur. Bəzən iki liderin qarşılıqlı etimadı həftələrlə qurulan fitnə ssenarilərini bir anda alt-üst edir. Biriləri hələ dirəşsələr də…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəngi də məhz belə siyasi məna daşıyır.

Bu zəngin verdiyi mesaj aydındır: Azərbaycan-Türkiyə qardaşlığının taleyini sosial şəbəkə fitnəkarları yox, Bakı və Ankaranın dövlət iradəsi müəyyən edir!

Son günlər iki qardaş ölkə arasında süni gərginlik yaratmağa çalışanlar dini həssaslıqları siyasi alətə çevirməyə, qarşılıqlı təhqirlərlə xalqlarımızı üz-üzə qoymağa cəhd etdilər. Unutdular ki, bu qardaşlıq Şuşada möhürlənib!

Əlbəttə, bu prosesdə yalnız prezidentlərin deyil, münasibətlərin strateji əhəmiyyətini anlayan siyasi xadimlərin də mövqeyini ayrıca qeyd etmək lazımdır.

Dövlət Baxçalı və Binəli Yıldırım kimi təcrübəli dövlət adamlarının gərginliyin böyüməsinə qarşı tutduğu mövqe siyasi məsuliyyət nümunəsi kimi dəyərləndirilməlidir.

Xüsusilə Dövlət Baxçalının yanaşması dövlətçilik düşüncəsinin nə demək olduğunu bir daha göstərdi. Böyük dövlət adamı yalnız öz ölkəsinin deyil, ölkəsinin strateji müttəfiqliyinin də dəyərini biləndir. Dövlət ağlı emosiyaların arxasınca getmək yox, emosiyaların dövlət maraqlarını girov götürməsinə imkan verməməkdir.

Burada Fatih Ərbakanın mövqeyini də görməzdən gəlmək olmaz. Mərhum Nəcməddin Ərbakanın soyadını daşımaq onun siyasi irsini daşımaq deyil. O irsin tələb etdiyi siyasi məsuliyyət, uzaqgörənlik və dövlətlərarası münasibətlərə həssas yanaşmadır. Fatih Ərbakanın Azərbaycanla bağlı son çıxışları isə onun atasının siyasi irsinə nə dərəcədə uyğun davrandığı barədə ciddi suallar doğurdu.

Bu proses bir həqiqəti də xatırlatdı: qardaşlıq qarşılıqlı hörmət, sayğı və ehtiram tələb edir. Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın suveren iradəsinə hörmət etməlidir. Qardaşlıq qarşılıqlı etimaddır, çətin gündə bir-birinin yanında dayanmaqdır.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış etimad isə bu müttəfiqliyin ən böyük siyasi təminatıdır.

Bu etimad 44 günlük Vətən müharibəsində sınaqdan çıxıb, Şuşa Bəyannaməsi ilə strateji müttəfiqliyə çevrilib. İndi hansısa sosial media avantüristlərinin bu münasibətlərə istiqamət verməyə çalışması siyasi sadəlövhlükdür.

Ərdoğanın Əliyevə zəngi və Ankara Zirvəsinə dəvəti münasibətlərin gələcəyinə dair mühüm siyasi mesajdır. Türk dünyasının birliyinə çalışan iki dövlətin gündəmini fitnəkarların müəyyən etməyəcəyini göstərir.

Qısacası, bu hadisələr kimin dövlət maraqlarını, kimin isə emosional siyasi hesablaşmaları önə çəkdiyini bir daha üzə çıxardı.

Fitnəkarlar gəlib keçəcək. Süni gündəmlər unudulacaq. Amma Azərbaycan-Türkiyə qardaşlığı əbədiyyətə qədər yaşayacaq.

Çünki Əliyev-Ərdoğan etimadının qarşısında fitnənin ömrü qısa, qardaşlığın tarixi uzundur!

Bir millətin iki dövlətini qarşı-qarşıya qoymaq istəyənlər bilməlidir: Bakı ilə Ankara arasına nifaq toxumu səpmək istəyənlərin qarşısında təkcə iki lider yox, ortaq tarix, ortaq taleyimiz və ortaq gələcəyimiz dayanır!

Biz birlikdə güclüyük. Və bu birlik heç kimin siyasi ambisiyasına qurban verilməyəcək!

Bu kimi krizlər həm də dostu-düşməni, kimin içində nəyin nə qədər yığışdığını ortaya qoyur. Bu baxımdan da “hər şərdə bir xeyirin olması” sözü boşuna yaranmayıb.