Azərbaycanda dəmir yolu sərnişinlərinin 93 faizi şəhərətrafı qatarlardan istifadə edir

“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşımalarında şəhərətrafı marşrutlar əsas paya malikdir.

Banker.az saytının verdiyi məlumata görə, 2026-cı ilin üçüncü rübündə şirkət tərəfindən daşınmış 3 milyon 33 min 501 sərnişinin 2 milyon 825 min 692 nəfəri şəhərətrafı daşımaların payına düşüb.

Bu, ümumi sərnişindaşımalarının 93,1 faizinə bərabərdir.

Şəhərətrafı sərnişindaşımalarının həcmi birinci rübdə 2 milyon 425 min 575 nəfər, ikinci rübdə isə 2 milyon 737 min 991 nəfər təşkil etmişdi.

Beləliklə, birinci rüblə müqayisədə üçüncü rübdə şəhərətrafı sərnişinlərin sayı 400 min nəfərdən çox və ya 16,5 faiz artıb.

İlin ilk doqquz ayında şəhərətrafı marşrutlarda ümumilikdə 7 milyon 989 min 258 sərnişin daşınıb.

Bu göstərici ADY-nin doqquz aylıq ümumi sərnişindaşımalarının təxminən 94 faizini təşkil edir.

Digər daxili sərnişindaşımalarda isə daha sabit dinamika müşahidə olunub.

Birinci rübdə bu istiqamətdə 143 min 79 nəfər, ikinci rübdə 145 min 633 nəfər, üçüncü rübdə isə 144 min 22 nəfər daşınıb.

Beləliklə, şəhərətrafı dəmir yolu daşımaları həm ümumi sərnişin sayında üstün mövqeyini saxlayır, həm də ilin əvvəlindən artım nümayiş etdirir.