Rəşad Nəbiyev dünya çempionatında əldə olunan nəticələrlə bağlı cüdoçularla fikir mübadiləsi aparıb

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edən milli komandanın üzvləri ilə görüşüb.

Bu barədə ACF-nin mətbuat xidmətindən məlumat verilib.

Federasiya prezidenti cüdoçuların mundialda əldə etdikləri nəticələri yüksək qiymətləndirib. Rəşad Nəbiyev idmançıların yarış boyunca nümayiş etdirdikləri əzmkarlığın, peşəkarlığın və məsuliyyətli çıxışların Azərbaycan idmanının beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Görüş zamanı dünya çempionatındakı çıxışlar və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb. Rəşad Nəbiyev cüdoçuları qazandıqları uğurlar münasibətilə təbrik edib, qarşıdakı yarışlarda onlara yeni nailiyyətlər arzulayıb.

Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının fərdi yarışlarını rekord nəticə – 7 medalla başa vurub.

Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.