Avropada tətbiqinə başlanılan yeni “Euro 7” ekoloji standartı avtomobillərin atmosferə buraxdığı karbon emissiyalarına dair mövcud tələbləri sərtləşdirmir. Yeni qaydalar əsasən təkərlərin aşınması, əyləc sistemindən ayrılan toz hissəcikləri və elektrik avtomobillərinin batareyalarının davamlılığı ilə bağlıdır.
Bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, bazar günündən etibarən yeni minik avtomobilləri və yüngül kommersiya nəqliyyat vasitələri ilk dəfə olaraq təkərlərin və əyləc sistemlərinin aşınması nəticəsində yaranan hissəciklərin miqdarına görə də tənzimlənəcək.
Yeni standart avtomobillərin işlənmiş qazlarından yaranan karbon emissiyaları ilə bağlı qüvvədə olan “Euro 6” tələblərini saxlayır. Bununla yanaşı, təkərlərin aşınması və əyləc zamanı yaranan toz hissəcikləri üçün əlavə məhdudiyyətlər müəyyən edir.
Avropa Komissiyasının qiymətləndirməsinə görə, təkərlərin aşınması ətraf mühitə yayılan mikroplastiklərin əsas mənbələrindən biridir. Avropada nəqliyyat vasitələrinin elektrikləşdirilməsi və 2035-ci ildən etibarən yeni avtomobillərlə bağlı nəzərdə tutulan emissiya məhdudiyyətləri karbon tullantılarının azalmasına hesablanıb. Lakin təkərlər və əyləc sistemləri atmosferə xırda hissəciklər yaymaqda davam edir.
Əvvəllər emissiyasız nəqliyyat vasitələri kimi təqdim edilən elektrik avtomobilləri də yeni standartın əhatə dairəsinə daxil edilib. Artıq istehsalçılar təkər və əyləc sistemlərindən yaranan hissəciklərlə yanaşı, batareyaların avtomobilin istismar müddəti ərzində göstəricilərini qorumasına da zəmanət verməlidirlər.
Tələblərə əsasən, avtomobilin yürüşü 100 min kilometrə çatana və ya istehsalından beş il keçənədək batareya ilkin tutumunun ən azı 80 faizini saxlamalıdır. İstismar müddəti səkkiz ilə və ya yürüş məsafəsi 160 min kilometrə çatana qədər isə bu göstərici minimum 72 faiz olmalıdır.
Əyləc sistemləri ilə bağlı tələblərə uyğunlaşmaq üçün istehsalçılar daha yüngül və davamlı əyləc qəliblərinin hazırlanmasına, həmçinin xırda hissəciklərin yayılmasını azaltmaq məqsədilə üzvi kompozit materiallardan istifadəyə diqqət yetirirlər. Bundan başqa, xüsusi hissəcik filtrlərinin tətbiqi də nəzərdən keçirilir.
Yeni standart çərçivəsində “Nəqliyyat vasitəsinin ekoloji pasportu” da tətbiq olunur. Bu sənəddə avtomobilin karbon emissiyası, yanacaq və elektrik enerjisi sərfiyyatı, batareyanın istismar müddəti və elektrik rejimində qət edə biləcəyi məsafə barədə məlumatlar əks olunacaq.
Yeni tələblərin avtomobillərdə əlavə nəzarət sistemlərinin və texnologiyaların tətbiqini zəruri etməsi səbəbindən nəqliyyat vasitələrinin istehsal və satış qiymətlərinin artacağı ehtimal olunur.