Bakıda yerüstü piyada keçidində təhlükəli vəziyyət

Paytaxtın Qala qəsəbəsinin "Stansiya Qala" adlanan ərazisində yerləşən yerüstü piyada keçidinin təhlükəli vəziyyətdə olmasının görüntüləri yayılıb.

Kardlarda keçidin döşəmə örtüyünün bir hissəsinin qopduğu, həmin hissənin alt qatının isə dik vəziyyətdə olduğu görünür.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli bildirib ki, bu hal artıq nəzarətə götürülüb:

"Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dərhal aidiyyəti üzrə xüsusi tapşırıq verilib.

Qala-Pirallahı avtomobil yolunun 3,6-cı kilometrliyində yerləşən sözügedən piyada keçidi 2021-ci ildə istifadəyə verilib.

İlk növbədə, piyadaların təhlükəsizliyinin təmin edilməsi, mövcud nasazlığın operativ şəkildə aradan qaldırılması və problemin yaranma səbəblərinin hərtərəfli araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Məsələ agentlik tərəfindən nəzarətə götürülüb və araşdırmanın nəticələrinə uyğun olaraq zəruri tədbirlər görüləcək".

(Oxu)