Narkotik əleyhinə kampaniyası zamanı törədilən kütləvi məhkəməsiz qətllərlə bağlı insanlığa qarşı cinayətlərdə ittiham olunan Filippinin keçmiş prezidenti Rodriqo Dutertenin Beynəlxalq Cinayət Məhkəməsində (BCM) məhkəmə prosesi başlayır.
"Associated Press" agentliyinə istinadən, sabiq dövlət başçısına qarşı irəli sürülən qanlı repressiya ittihamları beynəlxalq məhkəmə sistemi üçün ciddi sınaq hesab olunur.
Prokurorluğun məlumatına görə, R.Duterte polis əməkdaşlarının və muzdlu silahlıların narkotik şübhəlilərini qətlə yetirdiyi kampaniyaya rəhbərlik edib. İttiham tərəfi qətllərin icrasına görə mükafatların ödənildiyini bildirir. İttihamlar Dutertenin Davao şəhərinin meri və ölkə prezidenti olduğu 2011-ci ilin noyabrından 2019-cu ilin martına qədərki dövrü əhatə edir.
Cinayət işinin materiallarında 84 qətl və iki qətlə cəhd faktı yer alsa da, prokurorluq bunun ümumi qurbanların yalnız kiçik bir hissəsi olduğunu vurğulayır. Filippin Milli Polisinin rəsmi statistikasına əsasən, Dutertenin prezidentliyi dövründə narkotiklə mübarizə çərçivəsində 6 mindən çox insan öldürülüb. İnsan haqları təşkilatları isə real rəqəmin 30 minə yaxın olduğunu təxmin edirlər.
81 yaşlı keçmiş prezidentin müdafiə komandası bütün ittihamları rədd edərək baş verənlərin insanlığa qarşı cinayət təşkil etmədiyini və Dutertenin fərdi cinayət məsuliyyəti daşımadığını iddia edir. Vəkillər həmçinin müvəkkillərinin səhhətinin ağır olduğunu, idrak pozğunluqları səbəbindən keçmiş hadisələri xatırlamaqda və özünü müdafiə etməkdə çətinlik çəkdiyini bildiriblər. Lakin məhkəmə palatası müstəqil ekspertlərin rəyinə əsaslanaraq onun mühakimə olunmağa yararlı olduğu barədə qərar çıxarıb.
Qurbanların ailələri üçün bu proses illər sonra ədalətin bərqərar olması baxımından mühüm fürsət kimi qiymətləndirilir. 2017-ci ildə iki oğlu öldürülən 72 yaşlı Lloret Pasko açılış iclasında iştirak etmək üçün Maniladan Haaqaya gəlib. O, oğullarının əvvəllər narkotik istifadəçisi olduqlarını, lakin öldürüldükləri vaxt artıq bu vərdişdən uzaqlaşdıqlarını deyib:
"O, şanslıdır, çünki bizim övladlarımızdan fərqli olaraq, ədalətli mühakimə olunmaq hüququna malikdir. Buna görə də biz bütün qurbanlar üçün ədalət tələb edirik".
Qeyd edək ki, məhkəmə prosesi məhkəmənin bir sıra əməkdaşlarına sanksiyalar tətbiq edən Tramp administrasiyasının BCM-yə təzyiqləri fonunda keçirilir. Xatırladaq ki, Filippin 2019-cu ildə ilkin araşdırmalar başladıqdan sonra BCM-nin yurisdiksiyasından çıxsa da, məhkəmə ölkənin üzvlükdən çıxmasından əvvəl törədilən cinayətlərə baxmaq səlahiyyətini qoruyub saxlayır. Eyni zamanda "Human Rights Watch" təşkilatı hazırkı prezident Ferdinand Markos Jr. hökumətini də həmin cinayətlərin araşdırılmasında yetərli səy göstərmədiyinə görə tənqid edib.
Məhkəmə prosesi çərçivəsində prokurorluğun 70-100 arası şahidi dindirməsi planlaşdırılır. Bir neçə aydan bir ildən çox müddətə qədər davam edə biləcək prosesin sonunda təqsiri sübuta yetirilərsə, Rodriqo Duterteni ömürlük həbs cəzası gözləyir.