Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir

Bakının Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 43 nömrəli şəhər poliklinikasında təxminən 1 aydır ki, rentgen cihazı işləmir.

Bu iddia ilə Emin Musayev Xəzər TV-yə müraciət edib.

Onun sözlərinə görə, poliklinikada rentgen cihazının işləməməsi ərazidə yaşayan sakinlərə problem yaradır.

Emin Musayev bildirib ki, sözügedən tibb müəssisəsində rentgen işləmədiyindən vətəndaşları yaxınlıqdakı digər poliklinikalara yönləndirirlər.

Məsələ ilə bağlı TƏBİB-dən qeyd edilib ki, hazırda Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində yerləşən 43 nömrəli şəhər poliklinikasında rentgen kabinetində təmir işləri aparıldığı üçün fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu müddət ərzində rentgen müayinəsinə ehtiyacı olan pasiyentlərin müayinələrinin davamlılığını təmin etmək məqsədilə onlara Suraxanı rayonu ərazisində yerləşən digər tibb müəssisələrinə, 23 və 42 nömrəli şəhər poliklinikalarına tibbi göndəriş verilir.