Türkiyəli aktrisa Hande Ataizi 53 yaşında qoruduğu fiziki formanın sirrini açıqlayıb.
Bu barədə “SonDakika” nəşri məlumat yayıb.
15 yaşından idmanla məşğul olan Hande Ataizi gündəlik həyatında da aktiv olmağa çalışır. O, lift əvəzinə pilləkənlərdən istifadə etdiyini, tez-tez metroya mindiyini, hətta telefonla danışarkən belə ayaq üstə dayanmağa üstünlük verdiyini söyləyib.
Aktrisa sərt pəhrizlərə qarşı olduğunu və qidalanmada porsiya nəzarətinə diqqət yetirdiyini vurğulayıb. Pizza, makaron və şirniyyatdan imtina etmədiyini bildirən Ataizi sevdiyi yeməkləri yeyərək də formada qalmağın mümkün olduğunu qeyd edib.
Onun sözlərinə görə, səhər yeməyində yumurta, qranola, tahin, bəkməz, qoz, kətan toxumu və avokadoya üstünlük verir. Vaxtı az olduqda isə banan, qoz və tahin-bəkməz qarışığı ilə kifayətlənir.
53 yaşlı aktrisa həftədə dörd gün ağırlıq məşqləri etdiyini açıqlayıb. Məşqlərin iki gününü aşağı, digər iki gününü isə yuxarı bədən əzələlərinin çalışdırılmasına ayırır. Kardio məşqlərinə isə 15-20 dəqiqə vaxt sərf edir.
Hande Ataizi istifadə etdiyi qida əlavələrindən də danışıb. O, mütəmadi olaraq maqnezium, omeqa-3, kollagen və D vitamini qəbul etdiyini, bəzi vaxtlarda isə protein tozundan istifadə etdiyini bildirib.