"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək

Almaniyanın avtomobil istehsalçısı "Mercedes-Benz" dekabr ayında əməkdaşların könüllü işdən ayrılması ilə bağlı yeni proqramı işə salacaq. Proqram çərçivəsində bəzi işçilərə 422 min avroyadək təzminat ödənilə bilər.

Bu barədə "Handelsblatt" şirkətin daxili sənədlərinə istinadən məlumat yayıb.

Proqram istehsalatdan kənar bölmələrdə çalışan mütəxəssisləri, ustaları, qrup və şöbə rəhbərlərini əhatə edəcək. İlk dəfə olaraq istiqamət rəhbərlərinə də belə təklif ediləcək. Dekabrın 1-nə olan vəziyyətə görə şirkətdə üç ildən çox iş stajı olan əməkdaşlar proqramda iştirak edə biləcəklər.

Təzminatın məbləği işçinin yaşından, əmək stajından və maaşından asılı olacaq. Məsələn, 52 yaşlı mühəndisə qərarını tez verməsi üçün nəzərdə tutulan əlavə bonus da daxil olmaqla, 339 min avrodan 422 min avroyadək ödəniş edilə bilər. Bu bonus 2027-ci il martın sonunadək qüvvədə olacaq.

56 yaşınadək olan əməkdaşlara 395 min avroyadək işdənçıxma müavinəti təklif ediləcək. 57 yaşdan yuxarı işçilər üçün isə vaxtından əvvəl pensiyaya çıxmaq və ya pensiyaya qədər natamam iş rejiminə keçmək variantları nəzərdə tutulub.

Bundan əlavə, şirkət iki il müddətinə müvəqqəti olaraq işdən ayrılmağa razılaşan əməkdaşlara 20 min avro, üç il müddətinə ayrılanlara isə 30 min avro ödəməyə hazırdır. Bu müddət başa çatdıqdan sonra onların şirkətə qayıtmasına zəmanət veriləcək.

Razılaşmaya əsasən, əməkdaşlar beş ay müddətində maaşları saxlanılmaqla işləməyə bilərlər. Bu müddətdə işləməyə davam edənlərə isə əməkhaqqının 1,5 misli ödəniləcək.

"Mercedes-Benz"in əvvəlki könüllü işdənçıxma proqramı 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək qüvvədə olub. Həmin müddətdə şirkəti təxminən 5,5 min əməkdaş tərk edib.

Ştat ixtisarları Almaniya avtomobil sənayesinin üzləşdiyi çətinliklərlə əlaqələndirilir. Sektor Çin istehsalçılarının artan rəqabəti və Avropa bazarlarında tələbatın azalması ilə qarşı-qarşıyadır.