Alimlər əl işləri ilə məşğul olmağın inanılmaz faydalarını sübut etdilər

Əl işləri ilə müntəzəm məşğul olmaq psixoloji vəziyyətin yaxşılaşmasına, narahatlıq, stres və emosional gərginlik səviyyəsinin azalmasına kömək edir. İsveçin Lund Universitetinin yeni tədqiqatının nəticələri bunu göstərir.

Tədqiqat təxminən 6700 qadının sorğuda iştirakından əldə olunan nəticələrə əsaslanır. Hər gün əl işləri ilə məşğul olan və ya bu sahədə ən azı 10 illik təcrübəsi olan iştirakçılar daha az məşğul olanlarla müqayisədə psixi sağlamlıqlarının daha yaxşı olduğunu qeyd ediblər. Yaş, maddi vəziyyət, yaşayış şəraiti və məşğulluq kimi amillər nəzərə alındıqdan sonra da nəticə dəyişməyib.

Lund Universitetinin tədqiqatçılarının sözlərinə görə, toxuculuq və digər əl işləri zamanı təkrarlanan hərəkətlər diqqətin cəmlənməsinə və dərin rahatlaşmaya kömək edir. Bu təsiri meditasiya ilə müqayisə etmək olar. Qrup şəklində məşğul olarkən yaranan sosial ünsiyyət də əlavə müsbət təsir göstərir.

İsveç Mədəni Təhlil Agentliyinin son məlumatlarına əsasən, əl işləri son bir ildə populyarlığı ən çox artan mədəni fəaliyyət növünə çevrilib. Hazırda ölkə əhalisinin 31 faizi müntəzəm olaraq sənətkarlıq və ya əl işləri ilə məşğul olur. Bu, əvvəlki illə müqayisədə 7 faiz çoxdur. Xüsusilə Z nəslinin nümayəndələri arasında bu fəaliyyətə marağın nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur.

Mütəxəssislər qeyd edirlər ki, psixoloji rifah üçün əsas işin son nəticəsi və ya peşəkarlıq səviyyəsi deyil, ilk növbədə, prosesin özü və məşğuliyyətin müntəzəm olmasıdır.

Hazırda Stokholm bələdiyyəsi psixi sağlamlıq problemləri yaşayan insanlarla iş zamanı artıq əl işlərindən istifadə edir.

Ekspertlər yerli və regional hakimiyyət orqanlarını əhalinin sağlamlığının möhkəmləndirilməsi proqramları çərçivəsində ənənəvi sənətkarlıq növlərinin imkanlarından daha fəal istifadə etməyə çağırırlar.

Bununla yanaşı, tədqiqatçılar vurğulayırlar ki, maddi sabitlik, məşğulluq və digər sosial-iqtisadi amillər insanın psixoloji rifahına daha yaxşı təsir göstərir.