Elm və Təhsil Nazirliyinin dəstəyi, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək" layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim-müzakirə sessiyası keçirilib.
"Dərsliklərin məzmunu" mövzusuna həsr olunan üçüncü sessiya STEAM İnnovasiya Mərkəzində baş tutub.
Tədbirin əvvəlində "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Mirzəyev layihənin məqsədi barədə məlumat verib. O, elm və təhsil sahəsində baş verən yeniliklərin, həyata keçirilən islahatların mediada peşəkar və dolğun şəkildə təqdim edilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə jurnalistlərin bilik və bacarıqlarının artırılmasının əhəmiyyətini qeyd edib.
Sessiyada Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Tədris resursları şöbəsinin müdiri, fizika fənni üzrə müəllif Rasim Abdurazaqov mövzu ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, yeni dərslik komplektləri həm Azərbaycan, həm də rus bölmələrində təhsil alan şagirdlər üçün hazırlanıb. Riyaziyyat dərsliklərində ibtidai siniflərdə konkret-təsviri-mücərrəd öyrətmə yanaşması əsas götürülüb, gündəlik həyatda rast gəlinən məsələlərə, eləcə də məsələ həllində "Polya" prinsipinin tətbiqinə xüsusi yer ayrılıb.
Qeyd olunub ki, Azərbaycan dili və riyaziyyat fənləri üzrə yeni dərslik komplektləri iki il ərzində 275 məktəbdə təxminən 7300 şagirdin iştirakı ilə pilot sınaqdan keçirilib. Hazırda yeni riyaziyyat dərslikləri ümumi təhsil müəssisələrinin 1-7-ci siniflərdə tətbiq olunur.
R. Abdurazaqov beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniya və Sinqapurun nəşriyyatları ilə birgə ingilis dili, təbiət və riyaziyyat fənləri üzrə dərslik və kurikulumların hazırlanması istiqamətində əməkdaşlıq edildiyi diqqətə çatdırıb. Eyni zamanda ölkə təhsilinin məzmununun dünyada qəbul olunmuş standartlara uyğunlaşdırılması üzrə tədbirlər həyata keçirilir.
Daha sonra riyaziyyat dərsliklərinin layihə rəhbəri və həmmüəllifi Zaur İsayev dərsliklərin hazırlanması prosesini, dərsliklərdə mövzu seçiminin, hansı sinifdə hansı mövzunun tədris olunmasının kurikulum əsasında müəyyən olunduğunu vurğuladı. Onun sözlərinə görə, bu prosesdə müəlliflərlə yanaşı, ekspertlər, rəyçilər, məsləhətçilər və digər mütəxəssislər də iştirak edirlər.
Z. İsayev bildirib ki, dərsliklər iki il pilot mərhələsindən, həmçinin Elm və Təhsil Nazirliyinin dördmərhələli ekspertiza prosesindən keçir. Bu müddətdə nazirliyin ekspert qrupu dərsliyin kurikuluma uyğunluğunu və məzmununun düzgünlüyünü yoxlayır.
Tədbirdə çıxış edən fizika və təbiət dərsliklərinin layihə rəhbəri, həyat bilgisi dərsliklərinin həmmüəllifi Yalçın İslamzadə həmkarlarının fikirlərinə dəstək olaraq bildirib ki, ekspertiza zamanı dərsliklərə geniş həcmdə rəylər təqdim olunur. Bir dərsliklə bağlı rəylərin həcmi 70-80 səhifəyə, sayı isə 300-ə çata bilir. Rəylərin toplanması təxminən bir ay davam edir və proses mart-aprel aylarında yekunlaşır. Y.İslamzadə fizika dərsliklərinə dair son zamanlar səsləndirilən iradlara münasibət bildirib.